ABŞ prezident seçkiləri: 50 ştatda səsvermə [Video]

Your browser doesn’t support HTML5

Hər bir ştatın səsverməyə dair özünəməxsus qaydaları var
Birləşmiş Ştatlarda seçki günü digər ölkələrdəki sistemdən fərqlənir, çünki burada ümumxalq səsvermə bütün ölkə üzrə vahid qaydada deyil, hər bir ştatın öz qaydalarına uyğun şəkildə keçirilir.

Noyabır ayının ilk çərşənbə axşamı günü Amerika Birləşmiş Ştatlarında seçki günü olacaq. 50 ştatın hər birində və Kolumbiya əyalətində siyasi idarələrə təyinatlar, səsvermənin nəticələri və hər dörd ildən bir Ağ Evə göndəriləcək namizədin seçilməsi həmin gün müəyyən olunacaq.

Birləşmiş Ştatların konstitusiyasında vətəndaşların hüquq və azadlıqları müdafiə olunur. Lakin Corctaun universitetinin professoru Mark Rom deyir ki, səsvermənin bu haqlardan biri olması zəruri deyil: “Kimsə fikirləşə bilər ki, səs vermək, söz azadlığı kimi və ya etiqad azadlığı, hökumətə müraciət etmək və s. kimi vətəndaşın əsas hüquqlarından biridir. Lakin bu, belə deyil. Səsvermənin şərtləri əsas etibarı ilə ştatlar tərəfindən müəyyən olunur. Hökumətlər isə burada öz standartlarını bu və ya digər şəkildə tətbiq edir.”- deyə o, bildirir.

ABŞ federal hüququ səs vermək üçün minimum yaş həddini 18 yaş kimi müəyyənləşdirib.

Lakin Rom burada eyniliyin olmadığını söyləyir: "Burada seçkilərin keçirilməsinə, seçki qeydiyyatına, seçki yerinə və qiyabi səsvermənin necə keçirildiyinə dair 50 müxtəlif ştat və onların qanunlarının mövcud olduğu bir qarışıq sistem var. Seçkilərin bütün bu incəlikləri federal qanunlar deyil, ştat qanunları ilə tənzimlənir."- deyə Rom bildirir.

Romun nəzərdə tutduğu qiyabi səsvermə seçki günü vətənindən kənarda olan hərbiçilər, səyahətdə olanlar və ya xaricdə təhsil alanlar üçün nəzərdə tutulub.
Son illər “erkən səsvermə” sistemi də inkişaf edib. İndi ştatların üçdə-ikisi insanlara noyabr ayında keçiriləcək rəsmi seçki günündən bir ay öncə və ya ondan da qabaq səsvermədə iştirak etməyə icazə verir.

Hazırda bir neçə ştat insanların kimliyini müəyyən etmək üçün seçicilərdən səsvermə məntəqələrində xüsusi şəxsiyyət vəsiqəsi əldə etmələrini tələb edən qanun layihəsini qəbul edib. Qanun layihəsini müdafiə edənlər bunun seçki saxtakarlığından müdafiə olunmaq üçün zəruri olduğunu deyirlər. Buna qarşı olanlar isə belə saxtakarlıq hallarının statistik baxımdan azsaylı olduğunu deyərək, böyük problem yaratmadığını və belə qanunların səsvermə prosesinə təsir göstərmək məqsədilə qəbul edildiyini bildiririlər.

ABŞ prezident seçkilərinin əslində 50 ayrı-ayrı müstəqil mərhələdən ibarət olduğu da nəzərə alınmalıdır. Konstitusiyaya əsasən, prezidentə səs verən insanlar əslində 538 nəfərdən ibarət “seçki kollegiyası”nı seçir. Bu insanlar isə rəsmi qaydada prezidentin kim olacağını rəsmi olaraq müəyyən edir.

Corc Meyson Universitetinin professoru Dennis Conson: "Ən vacib rəqəm 270-dir. Bu rəqəm prezidenti müəyyən edəcək Seçki kollegiyasının 270 üzvünün sayıdır. Namizədə də istənilən ştatların topladığı məhz bu sehrli 270 rəqəmi lazımdır."

Conson deyir ki, elektoral seçki kollegiyasına görə namizədlər mübarizənin gərgin olduğu ştatlarda çox vaxt sərf edirlər. Onlar bu ştatlarda 270 qalib səsə sahib olacaqlarına inanırlar.