ABŞ şirkəti dəniz platformasında yanğının söndürülməsinə cəlb olunub

Dəniz platformasında yanğın

Azərbaycan Fövqəladə Hallar Nazirliyi və ABŞ-ın "Boots&Coots" şirkətinin mütəxəssisləri “Günəşli” yatağındakı 10 saylı platformada baş vermiş yanğının söndürülməsini davam etdirirlər.

Dekabrın 4-də baş vermiş yanğın 5-6 quyunu əhatə edib. Onlardan yalnız birini söndürmək mümkün olub. Bu barədə SOCAR-dakı mənbə bildirib.

“Boots&Coots” şirkətinin mütəxəssisləri platformada yanğının söndürülməsinə dair plan hazırlayıblar. Həmin şirkətə məxsus avadanlıqlar gəmilərlə özülə çatdırılıb və hazırda bu qurğuların boşaldılması işi aparılır.

Xatırladaq ki, “Boots&Coots” şirkətinin mütəxəssisləri “Bulla Dəniz” qaz yatağında 9 həftədən çox davam etmiş yanğının söndürülməsində də iştirak ediblər.

Həmçinin yanğın nəticəsində itkin düşmüş 23 neftçinin, eləcə də “Neft Daşları” platformasının üç əməkdaşının axtarışları davam etdirilir.