Alyaska, Arizona, Havay, Yuta və Vaşinqton ştatlarını təmsil edən ABŞ senatorları 5-ci Beynəlxalq Humanitar Forumda iştirak etmək üçün Azərbaycana səfər zamanı Bakı Amerika Mərkəzində Amerika tədqiqatları fənni üzrə təhsil alan yerli tələbələrlə görüşüb. Bu barədə ABŞ-ın Azərbaycandakı səfirliyi Facebook səhifəsində məlumat yayıb.
Məlumatda deyilir ki, ABŞ-ın Azərbaycandakı səfirin müavini Vilyam Qill və senatorlar xalqlar arasındakı mədəni əlaqələrin və qarşılıqlı dialoqun qurulması, müxtəliflik və gənclərin cəmiyyətdə iştirakının əhəmiyyətindən danışıb.
Sual-cavab sessiyası zamanı tələbələr ABŞ-da prezident seçkiləri, dünyada siyasi proseslər, Azərbaycan-ABŞ münasibətləri haqqında suallar verib.
Senatorlar həmçinin Azərbaycanın davamlı şəkildə inkişafı və firavanlığı üçün töhfələr verməklə təhsilin və xarici dil bilgilərinin dəyərini vurğulayıb.