“ABŞ səfirliyi hər hansı partiyanı nə təlimatlandırır, nə də maliyyələşdirir”

Robert Sekuta

ABŞ-ın Azərbaycandakı səfirliyi bəzi media vasitələrində Milli Şuranın sədri Cəmil Həsənlinin ABŞ səfirliyində keçirdiyi görüşlə bağlı açıqlama yayıb.

Açıqlamada deyilir:

“ABŞ-ın Azərbaycandakl səfiri Sekuta mayın 26-sı Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli ilə görüşüb. Bu görüşdən öncə səfir Sekuta Yeni Azərbaycan Partiyasının sədr müavini Əli Əhmədov daxil olmaqla partiyanın bir neçə yüksək səviyyəli nümayəndəsi və həmçinin Azərbaycan Respublikası Parlamentinin spikeri Oqtay Əsədovla görüşlər keçirərək onların fikirlərini dinləyib. Bu kimi görüşlər səfir Sekutanın Azərbaycan cəmiyyətinin bütün təbəqələrinin təmsilçiləri ilə görüşmək və onların fikirləri ilə tanış olmaq arzusunun bir hissəsidir. ABŞ səfirliyi Azərbaycanda hər hansısa partiyanı nə təlimatlandırır, nə də partiyaları maliyyələşdirir”, açıqlamada qeyd edilir.

Xatırladaq ki, mayın 29-da veteninfo.az saytı Milli Şuranın sədri Cəmil Həsənlinin mayın 27-də ABŞ-ın Azərbaycandakı səfirliyində olduğunu yazıb.

Məlumata görə, səfir Robert Sekuta ilə bir neçə dəqiqə ayaqüstü söhbət edən C.Həsənli sonradan səfirliyin məsul işçiləri ilə 2 saat müzakirə aparıb.

Mənbə bildirib ki, mayın 30-da Milli Şuranın mitinqi ilə yanaşı C.Həsənliyə l Avropa Oyunları dövründə bu qurumun fəaliyyəti, keçirəcəyi tədbirlərə dair ciddi tapşırıqlar verilib. Milli Şuranın sədrinə qarşıdan gələn dövrdə rəhbərlik etdiyi qurumun fəaliyyətini xaricdə Azərbaycan hakimiyyətinə qarşı kampaniya təşkil etmiş mərkəzlərlə əlaqələndirmək göstərişi verilib.

C.Həsənli ABŞ səfirliyinin əməkdaşlarına deyib ki, hakimiyyət mitinqlərin daha effektli təşkilini müxtəlif süni maneələr törətməklə əngəlləyir. Milli Şuranın tədbirlərini lazımi səviyyədə təşkil etmək üçün ciddi maliyyə yardımına ehtiyac var.

Saytın mənbəsi əlavə edib ki, uzun-uzadı müzakirələrdən sonra Milli Şuranın göstərilən istiqamətlər üzrə fəaliyyətinin təşkili ilə bağlı maliyyə vəsaitinin ayrılması da razılaşdırılıb.

ABŞ səfiri Avrtopa Oyunları ilə bağlı Amerikanın Səsinin sualının cavabında isə bildirib ki, o artıq Avropa Oyunlarına dair fikrilərini qeyd edib.

“Biz idmanın insanları bir araya gətirmək bacarığını görürük və öz növbəsində Azərbaycan da daxil olmaqla bütün iştirakçılara qarşıdan gələn oyunlar münasibəti ilə xoş arzularımızı çatdırırıq”, Sekuta deyib.