ABŞ dəniz özülündə baş verən hadisənin səbəbinin təhlilinə kömək etməyə hazırdır

Amos Hokstayn

ABŞ-ın xüsusi elçisi və Beynəlxalq Enerji Koordinatoru Amos Hokstayn Azərbaycanın energetika naziri Natiq Əliyevə başsağlığı məktubu göndərib.

Nazirliyin mətbuat xidmətinin məlumatına görə, Amos Hokstayn “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində həyatını itirənlərə dərin hüznlə başsağlığı verərək, xəsarət alanlara şəfa diləyib.

“Bu ağır günlərdə Amerika Birləşmiş Ştatları sizin kədərinizi bölüşür”, A.Hokstayn qəzanın təhlili və bərpa işləri ilə əlaqədar ölkəsinin köməyini də təklif edib: “ABŞ Daxili İşlər Nazirliyinin Təhlükəsizlik və Ətraf Mühitin Mühafizəsi (BSEE) Bürosu hadisənin əsas səbəbinin təhlilində kömək etməyə hazırdır”, o qeyd edib.

Dekabrın 5-də “Günəşli” yatağının 10 saylı stasionar dərin dəniz özülündə baş vermiş qəza nəticəsində platformada olan 63 neftçidən 33 nəfəri xilas olub. 7 neftçinin cəsədi tapılıb, 23 nəfərin axtarışı isə hələ də davam etdirilir.