ABŞ-ın sponsorluq etdiyi komanda ilk dəfə Bakıda yarışlara qatılıb

ABŞ-ın HAAS F 1 komandası

ABŞ-ın sponsorluq etdiyi komanda ilk dəfə olaraq Bakıda Formula 1 yarışında iştirak edir.

ABŞ-ın Bakıdakı səfirliyinin facebook səhifəsində bildirilir ki, NASCAR seriyasının sahiblərindən biri, Jin Haas tərəfindən 2014-ci ildə yaradılan HAAS F 1 komandası son 30 ildə Formula 1 yarışlarında iştirak edən ilk Amerika komandasıdır. HAAS F 1 özünün tərəfdaş olduğu Stewart-Haas Racing komandası ilə Şimalı Karolinanın Kannapolis şəhərində yerləşir və ABŞ-da Formula 1 yarışlarının inkişafı ilə məşğuldur.

Səfirlik xatırladır ki, Amerikada avtomobil yarışları ən popular idman növlərindən biridir.

ABŞ-da Avtomobil Yarışı

“Milli Avtomobil Yarışları Assosiasiyasının (NASCAR) Amerikadakı azarkeşlərinin sayı 75 milyona çatır və hər il assosiasiyanın təşkil etdiyi yarışlara 6 milyon insan gəlir. Formula 1 avtomobillərindən fərqli olaraq NASCAR avtomobilləri standart Amerika sedanlara bənzəyir. Lakin NASCAR avtomobillərinin sürəti saatda 320 kilometrə çatır. Bu sürətlə Amerika futbol meydançası qədər məsafəni, təxminən 100 metri bir saniyəyə qət etmək olar”, məlumatda qeyd edilir.

Səfrilik həmçinin Bakıda Formula 1 yarışı başladığı ərəfədə təhlükəsizliyə dair bir neçə məqama da toxunub və təhlükəsizlik kəmərləri barədə məlumat verib.

Təhlükəsizlik kəməri

“Təhlükəsizlik kəmərlərinin istifadəsi qəza vaxtı baş berə bilən zədələrin sayını yarıqat azalda bilməsinə baxmayaraq dünyada milyonlarla insan onlardan istifadə etməyi unudur. Getdiyiniz məsafədən asılı olmayaraq həmişə təhlükəsizlik kəmərindən istifadə edin və avtomobildə olan digər insanlardan kəmərdən istifadə etməyi xahiş edin”, ABŞ səfirliyi xatırladır.