Co Baydenin prezidentliyə namizədlik ehtimalı güclənir

Demokratlar arasında ABŞ vitse-prezidenti Co Baydenin prezidentliyə namizədliyini verəcəyi ehtimalı getdikçə artır.

Baydenin namizədlər üçün əhəmiyyətli olan Florida ştatına çərşənbə günü səfər etməsi və geniş mətbuat konfransı keçirməsi ehtimalı daha da gücləndirib.

Co Bayden Mayami-Deyd kollecində tələbələrlə görüş keçirib.

Tələbələr Baydenin prezidentliyə namizədliyini dəstəkləyirlər. Çünki o, çıxışlarında orta sinfi dəstəkləyir.

Vitse-prezidentin iqtisadi bərabərlik mesaji seçicilərin böyük hissəsini təşkil edən orta təbəqədə rəğbət oyandırıb.

Vitse-prezidentin dövlət başçısı vəzifəsinə namizədliyini irəli sürəcəyinə dair gözləntilər Hillari Klintonun demokrat seçicilər arasında tədricən rəğbətini itirməsinə yol açıb .

Xanım Klintonun şəxsi email hesabından dövlət yazışmalarında istifadə etməsi ilə yaranan qalmaqal onun seçki kampaniyasına zərər vurmaqda davam edir.

Demokratlar ümid edir ki, Bayden televiziya ilə yayımlanacaq demokrat namizədlərin ilk debatından əvvəl namizədliyini irəli sürəcək.