ABŞ qaçqın böhranına görə tənqid edilir [Video]

Your browser doesn’t support HTML5

Müharibə regionlarından qaçan insanlar yaşayış, qida və səhiyyə üçün Avropaya pənah aparmağa davam edir.

Ala Alqouş: "Biz dünən yola çıxmağa hazırlaşdıq, ancaq bizim qayığımız batdı. Balıqçı qayığı bizi xilas etdi və sahil təhlükəsizlik gözətçilərinə təslim etdi. Buna baxmayaraq biz yenə cəhd edəcəyik. Əgər alınmasa, təkrar-təkrar cəhd edəcəyik".

Almaniya və Avstriya qaçqınların çoxunu qəbul edib. Dünya ictimaiyyəti ABŞ-i irəli çıxıb üzərinə düşən öhdəliyi yerinə yetirməyə çağırır.

Keçən həftə Ağ Evin mətbuat katibi Coş Ernest bildirib ki, Amerika qarşıdan gələn il daha çox suriyalını qəbul edəcək.

Coş Ernest: “Prezident komandasından gələn il üçün bu rəqəmi artırmağı istəyib. Obama bildirib ki, o gələn il ən azı 10 min qaçqının qəbul edilməsini və ya bunun üçün hazırlıq görülməsini istəyir.”

Bəzi ABŞ qanunvericiləri Ağ Evdən qapıların ən azı 65 min suriyalı qaçqın üçün açılmasını tələb edib. Dini qurumlar ABŞ-ın yüz minlərlə qaçqını qəbul etməyə qadir olduğunu deyir.

İnsan haqları təşkilatı Human Rights Watch-un icraçı direktoru Kennet Rot administrasiyanın bu istiqamətdə səylərini tənqid edib.

Kennet Rot: “ABŞ kifayət qədər səy göstərmir. Hətta Con Kerrinin suriyalı qaçqınlar da daxil olmaqla, illik mühacirlərin qəbul sayının 75 mindən 100 minə çıxarılması haqda son təklifi belə. Beləliklə 4 miliyon suriyalı qaçqın qarşısında 25 min artırmaq heç nədir".

Rot ABŞ-ı tənqid etməklə yanaşı, Suriyanın qonşularını da tənqid edib.

Kennet Rot: “Diqqət çəkən məqam budur ki, Körfəz ölkələri heç bir qaçqını qəbul etməyib. Baxmayaraq ki, onlar zəngindirlər, eyni mədəniyyətə sahib, eyni dili danışırlar. Çoxları onların qapıları açacağını düşünürdü”.

Suriyada davam edən müharibə üzündən 7 milyona yaxın insan didərgin düşüb. Bu, İkinci Dünya Müharibəsindən bəri ən dəhşətli miqrasiya hesab edilir. Rot deyir ki, ABŞ çox zəngin ölkədir və miqrasiya böhranında rol oynamaq üçün kifayət qədər imkana sahibdir.