ABŞ Şimali Koreyaya qarşı sanksiyaların davam etdirilməsinə çağırış edir

ABŞ dövlət katibi Mayk Pompeo və Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho

Birləşmiş Ştatlar digər ölkələrin Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyalarla bağlı daha əzmkar olmaları haqqında müraciət edib.

Eyni zamanda Pxenyan ABŞ-ın son addımlarından narahat olduğunu, lakin nüvə sazişi ilə bağlı öhdəliyə sadiq qaldğını bildirib.

ABŞ dövlət katibi Mayk Pompeonun şənbə günü digər ölkələrə olan müraciətində təcrid olunmuş ölkəyə qarşı sanksiyaları sərtləşdirməyə çağırış edib. Pompeo bu qeydləri Birləşmiş Millətlər Təşkilatının Şimali Koreyanın sanksiyalardan yan keçmək yollarını tapdığı haqqında hesabatından sonra edib.

Pompeo Koreya yarımadasının tam və təsdiq edilən nüvəsizləşdirilməsinə nail olmaq üçün diplomatik və iqtisadi təzyiqlərin davam etdirilməsinin əhəmiyyətini qeyd edib.

Şimali Koreyanın xarici işlər naziri Ri Yonq Ho isə öz növbəsində ölkəsinin nüvəsizləşdirmə ilə bağlı razılığın icra edilməsində qərarlı olduğunu deyib.

BMT-nin hesabatında deyilir ki, Şimali Koreyada neft məhsullarının qeyri-qanuni şəkildə gəmidən-gəmiyə ötürülməsində “böyük artım” müşahidə edilir.

Sənəddə həmçinin Şimali Koreya ixracı ilə bağlı sanksiyaların pozulması faktları da qeyd edilib. Həmin məhsullar arasında Pxenyana milyonlarla dollar gəlir gətirən kömür, dəmir və dəniz məhsulları var.

Bununla bərabər, Şimali Koreyanın raket hazırlamasına davam etmək niyyətində olduğu və nüvəsizləşdirmənin nə zaman baş verəcəyi ilə bağlı dəqiq tarixin olmaması ilə bağlı narahatlıqlar mövcuddur.