Amerika səfirliyi “Azərbaycan” qəzetinə cavab verib

Amerika səfirliyi müxalifət fəallarının saxlanılması ilə bağlı narahatdır

“Biz fərziyyə xarakteri daşıyan məsələlərə şərh verə bilmərik”

Bu sözlərlə ABŞ-ın Azərbaycandakı səfirliyi rəsmi “Azərbaycan” qəzetinin 13 yanvar sayında dərc olunan “Obamanın ikiüzlülüyü” başlıqlı redaksiya məqaləsi ilə bağlı Amerikanın Səsinin sorğusunun cavabında bildirib.

Məqalədə deyilir ki, prezident İlham Əliyev 2009-cu ildə Ankarada prezident Barak Obama ilə görüşdən imtina edib. Bu barədə Amerikanın Səsinin sualının cavabında ABŞ səfirliyi bildirib:

“Amerika Prezidentinin Administrasiyasının fəaliyyəti barədə daha çox məlumat əldə etmək üçün Ağ Evin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik. Azərbaycan-ABŞ əlaqələrinə aid olan məsələlərə görə Azərbaycanın mövqeyini öyrənmək istəyirsinizsə, onda Azərbaycan prezidentinin mətbuat xidməti ilə əlaqə saxlamağınızı xahiş edirik”, səfrilik qeyd edib.

Məqalədə Azərbaycanda hakimiyyət dəyişikliyi ilə bağlı yazılanlar barədə sualın cavabında ABŞ səfriliyi bunları deyib:

“Biz dəfələrlə və açıq şəkildə bəyan etmişik ki, ABŞ Azərbaycanın suverenliyini ən güclü şəkildə dəstəkləyən ölkələrdən biridir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ABŞ bir çox yollarla öz dəstəyini nümayiş etdirib və müstəqil tərəfdaşlar kimi gələcəkdə də ikitərəfli əlaqələri gücləndirmək öhdəliyinə sadiqdir”, səfirlik qeyd edib.