Abbas Araqçı: İranda azərbaycanlı şairlər qeyri-qanuni davranışlarına görə həbs edilib

İranın xarici işlər nazirinin müavini Seyyid Abbas Araqçi

"Onların həbsi ilə bağlı detalları Azərbaycan rəsmiləri ilə görüşümdə onlara çatdırdım, suallarını cavablandırdım”, - İran xarici işlər nazirinin müavini bildirib
İranda saxlanılan azərbaycanlı şairlər qeyri-qanuni davranışlarına görə həbs edilib. Trend agentliyinin məlumatına görə, bunu Bakıda jurnalistlərə İranın xarici işlər nazirinin Asiya və Sakit okean ölkələri üzrə müavini Seyyid Abbas Araqçı deyib.

"Onların həbsi ilə bağlı detalları Azərbaycan rəsmiləri ilə görüşümdə onlara çatdırdım, onların suallarını cavablandırdım. Hazırda şairlərin işi məhkəmədədir. Məhkəmənin qərarını gözləyirik. Hər bir cinayət işi qanuni prosedur keçməlidir. Hazırda həmin prosedur davam edir. İran dövləti prosedurun qanuni keçirilməsinə kömək edir", - nazir müavini bildirib.
Araqçı xatırladıb ki, Azərbaycanın Təbrizdəki Baş Konsulluğunun nümayəndələrinin və şairlərin yaxınlarının onlarla görüşü təşkil edilib.

Şairlərin qeyri-qanuni davranışları dedikdə nəyin nəzərdə tutulduğuna gəlincə, Araqçı bildirib ki, onlar İran şəhərlərindən birində şer məclisinə dəvət edilsələr də, həmin məclisdə iştirak etməyiblər. "Onlar şer məclisindən başqa hər yerdə olublar", - nazir müavini deyib.
Qeyd edək ki, azərbaycanlı şairlər Fərid Hüseyn və Şəhriyar Hacızadə İrana şer festivalında iştirak üçün gedib və mayın 2-də orada həbs olunub. Azərbaycan Xarici İşlər Nazirliyi onların həbsinin qanunsuz hesab edir.