Hüquq müdafiəçilərinin bildirdiyinə görə, insan haqları vəkili Məhəmmədrza Fəqihi oktyabrın 20-də Ərdəbil prokurorluğuna müraciət etdiyi zaman nəzarət altına alınıb.
HRA agentliyinin xəbərinə istinadən, vəkilin hansı səbəblə saxlanıldığına dair məlumat yoxdur. Fəqihinin saxlanıldığı günün səhər saatlarında Ərdəbil Həbsxanasında tanınmış siyasi məhbus Abbas Lisani ilə görüşdüyü bildirilir.
“Prokorur müavini Nonahal tərəfindən çağrıldığı üçün Ərdəbil Prokurorluğuna müraciət edən Fəqihi saxlanılaraq naməlum məkana göndərilib. O, türk fəal Abbas Lisaninin işi ilə bağlı İranın Ali Məhkəməsinə müraciət etməyə hazırlanırdı,” HRA-nın xəbərində dərc edilib.
SEE ALSO: Abbas Lisaninin həbs müddəti 8 ildən 15 ilə artırıldıİranın azsaylı insan haqları vəkillərindən biri olan Məhəmmədrza Fəqihi uzun illərdir ki, İranın müxtəlif məhkəmələrində siyasi məhbusları müdafiə etməklə məşğuldur. O, bir çox siyasi və vicdan məhbusunu məhkəmələrdə pulsuz müdafiə edib.
Fəqihinin müdafiə etdiyi türk fəal Abbas Lisani hazırda Ərdəbil Həbsxanasında saxlanılır. Ərdəbil Apelyasiya Məhkəməsi bir neçə həftə əvvəl ilkin məhkəmədə 8 il həbs və iki il sürgün cəzasına məhkum olan Lisaninin həbs müddətini 15 ilə artırıb.
Bölgədə fəaliyyət göstərən hüquq müdafiəçiləri Fəqihinin Lisanini müdafiə etdiyi üçün təhlükəsizlik qurumunun basqı və təhdidlərinə məruz qaldığını bildirirlər.