Siyasi məhbus Abbas Lisaninin sağlamlıq durumu yaxşı deyil

Son günlər ərzində tanınmış siyasi məhbus Abbas Lisaninin müayinə və test üçün həbsxanadan kənarda yerləşən klinikaya aparıldığı bildirilir.

Amerikanın Səsinin İnsan hüquqları müdafiəçilərindən əldə etdiyi məlumata görə, Lisani müayinədən sonra dərhal həbsxanaya geri qaytarılıb.

İran məhkəmələri tərəfindən 15 il həbs cəzasına məhkum edilən tanınmış türk fəal onurğa və dizlərində şiddətli ağrılar səbəbi ilə müayinə edilib.

Abbas Lisani hal-hazırda Ərdəbil Həbsxanasının 11-ci bölməsində saxlanılır.

Lisani həbsdə olduğu zamandan bəri ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi xəstəliklərdən əziyyət çəkir.

O, may ayının 25-də həbsxana həkimlərinin tətbiq etdiyi müalicələr yararlı olmadığı üçün sağlamlıq durumu pisləşmiş və xəstəxanayar yerləşdirilmişdi.

Güneyli milli fəal Abbas Lisani sağlamlıq durumunun yaxşı olmamasına baxmayaraq, dəfələrlə aclıq aksiyası keçirib.

Fəalın keçirdiyi son aclıq aksiyası Tehranda həbsdə olan türk dil haqları fəalı Əlirza Fərşiyə dəstəklə əlaqədar olub.

Lisani 2019-cu ilin yanvar ayından bəri həbs cəzasını çəkməkdədir.

İran Azərbaycanının Ərdəbil şəhərinin sakini olan Abbas Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

İlkin məhkəmənin qərarına etiraz edən Lisaninin hökmü Apellyasiya Məhkəməsi tərəfindən artırılaraq, 15 il həbs və 2 il sürgün cəzası ilə əvəzləndi.

Daha sonra Lisaninin Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən təmin edilmədi.

Güneyli siyasi məhbus indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən uzun müddətli həbslərə məhkum olunub.