Abbas Lisani müayinə üçün tibbi ekspertizaya göndərilib

Tanınmış siyasi məhbus Abbas Lisaninin sağlamlıq durumu yaxşı deyil və son günlər ərzində müayinə üçün məhkəmə-tibbi ekspertizasına göndərilib.

İnsan hüquqları üzrə fəaliyyət göstərən HRA xəbər agentliyi bu barədə məlumat yayıb.

Ərdəbil Həbsxanasında saxlanılan azərbaycanlı fəal noyabr ayının 4-də müayinə üçün Ərdəbilin Ədli tibb ekspertizasına aparılıb.

Milli fəalın test nəticələrinin təqdimatı və bel diskinin təcili əməliyyat olunmasının zəruriliyi üzündən müayinə olunduğu bildirilib.

Ədli tibb ekspertizası bir məktubda vurğulayıb ki, Abbas Lisani yaxın günlərdə olduğu testlərin təsdiqi və həmçinin müayinə üçün mütəxəssis həkimə müraciət etməlidir.

Lisani indiyədək dəfələrlə onurğa və dizlərində şiddətli ağrılar üzündən müayinə olunub.

O, həbsdə olduğu zamandan bəri ürək-damar çatışmazlığı və yüksək qan təzyiqi kimi başqa xəstəliklərdən də əziyyət çəkir.

Lisani may ayının 25-də həbsxana həkimlərinin tətbiq etdiyi müalicələr yararlı olmadığı üçün sağlamlıq durumu pisləşmiş və xəstəxanaya yerləşdirilmişdi.

O,sağlamlıq durumunun yaxşı olmamasına baxmayaraq, dəfələrlə aclıq aksiyası keçirib.

İran məhkəmələri tərəfindən 15 il həbs cəzasına məhkum edilən tanınmış siyasi fəal 2019-cu ilin yanvar ayından bəri Ərdəbil Həbsxanasında həbs cəzasını çəkməkdədir.

Ərdəbil sakini Lisani 2019-cu ilin iyul ayında Ərdəbil İnqilab Məhkəməsi tərəfindən 8 il həbs və Yəzd şəhərinə 2 il sürgün cəzasına məhkum edilmişdi.

İlkin məhkəmənin qərarına etiraz edən Lisaninin hökmü Apellyasiya Məhkəməsi tərəfindən artırılaraq, 15 il həbs və 2 il sürgün cəzası ilə əvəzlənmişdi.

Daha sonra Lisaninin Apellyasiya Məhkəməsinin verdiyi hökmə şikayəti İran Ali Məhkəməsi tərəfindən təmin edilməmişdi.

Güneyli siyasi məhbus indiyədək dəfələrlə dinc fəaliyyətlərinə görə təhlükəsizlik qüvvələri tərəfindən həbs edilib və bu ölkənin fərqli məhkəmələri tərəfindən uzunmüddətli həbslərə məhkum olunub.