Abbas Lisani apelyasiya məhkəməsinə çağrılıb

Ərdəbil həbsxanasında saxlanılan güneyli fəal Abbas Lisani apelyasiya məkəməsinə çağırılıb.

Araz News və Günaz TV saytları bu haqda məlumat yayıb.

Ərdəbil ədliyyəsinin apelyasiya məhkəməsinin 1-ci şöbəsi tərəfindən göndərilən çağırış məktubunda Lisaninin sentyabrın 16-da məhkəmədə hazır olması istənilib.

Abbas Lisani hazırda Ərdəbil həbsxanasında saxlanılır.

Apelyasiya məhkəməsində siyasi məhbusun 8 il həbs və 2 il sürgün cəzası haqda təkrar qərar qəbul etmək üçün iclas keçiriləcək.

Məhkəmənin 1-ci şöbəsinin rəisi Nasir Ətəbati may ayında İbrahim Rəisi tərəfindən Ərdəbil ədliyyəsinin rəyasətinə və həmin şöbənin baş hakimi vəzifəsinə təyin olunub.


İbrahim Rəisi özü isə İranın “ali dini lideri” Seyyid Əli Xamneyi tərəfindən martın 7-də ölkənin məhkəmə sisteminin rəhbəri təyin edilib.

Ərdəbil İnqilab Məhkəməsinin 1-ci şöbəsi Abbas Lisanini “Qərbi Azərbaycan əhalisini silahlanmağa təhrik etmək”, “qanunsuz qrup yaratmaq” və “sistem əleyhinə təbliğat aparmaq”da suçlayaraq onu 8 il həbs və 2 il isə sürgünə məhkum edib

Hal-hazırda Ərdəbil həbsxanasında saxlanılan Lisani həbsini qanunsuz hesab edərək həbsxanada bir müddət aclıq aksiyası keçirmişdi.

İran İslam Respublikası insan haqlarının ən çox və kobud şəkildə pozulmasına görə tez-tez beynəlxalq təşkilatlar tərəfindən tənqid olunur.