Bu yaxınlarda Türkiyəyə səfərində ABŞ dövlət katibi Hillari Klinton Türkiyə liderləri ilə müxtəlif məsələləri, o cümlədən terrorizmi müzakirə edib. O, deyib ki, ABŞ-ın PKK təhlükəsi ilə üzləşən Türkiyə və onun təhlükəsizliyinə öhdəliyi “daş kimi möhkəmdir.” “Müttəfiq olaraq biz bütün regionun sabitliyini təhlükə altına alan terrorçular qarşısında əyilməzliyi alqışlayırıq, və biz bu təhlükəni məğlub etmək əzmində olan Türkiyəni dəstəkləyəcəyik,” deyə xanım Klinton bildirib.
Dövlət katibi Klinton həmçinin ABŞ-la Türkiyə arasında genişlənən iqtisadi əməkdaşlıqdan söz açıb. İndiyədək, bu il, iki ölkə arasında ticarət ötən illə müqayisədə əlli faiz çoxdur. Bu hər iki ölkə üçün yeni iş yerləri və firavanlıq deməkdir. Lakin qarşıdan gələn illərdə inkişaf üçün hələ çox imkanlar var. Türkiyə bu ilin sonunda ikinci Qlobal Sahibkarlıq Sammitinə ev sahibliyi edəcək.
Dövlət katibi Klinton Türkiyə rəhbərliyini media azadlığı ilə bağlı narahatlıqları ünvanlamağa çağırıb. “Mənim barəsində narahat olduğum sahələr varsa, bunlar söz və media azadlıqlarıdır,” deyə xanım Klinton gənc türk peşəkarları ilə görüşdə bildirib. “Hesab etmirəm ki, jurnalistlər və İnternet blogerlərini basqılara məruz qoymaq vacibdir və ya bunlar Türkiyənin maraqlarına xidmət edir.” Türkiyənin təsisatları azad mətbuatın gətirdiyi araşdırma və debatlara davam gətirə bilməlidir. Xanım Klinton habelə Türkiyə rəsmilərini Avropa İttifaqına inteqrasiya məqsədilə konstitutsiya islahatlarını davam etdirməyə çağırıb. ABŞ Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyir.
İki il bundan öncə ABŞ Türkiyə ilə müttəfiqliyini yeniləməyi vəd edib. “Bu gün mən əminliklə deyə bilərəm ki, bizim tellərimiz möhkəmdir, dostluğumuz qəti və müttəfiqliyimiz güclüdür,” deyə Hillari Klinton bildirir. Paylaşdığı demokratik dəyərlər sayəsində ABŞ Türkiyənin iqtisadi qüdrət və regional lider kimi dirçəlişini dəstəkləyir və onu qlobal sınaqlar qarşısında əhəmiyyətli müttəfiq kimi dəyərləndirir.