ABŞ prezidenti İraqda döyüş missiyasının bitdiyini elan etdi

ABŞ prezidenti İraqda döyüş missiyasının bitdiyini elan etdi

Yeddi illik qanlı müharibənin ardınca qələbə elan etməkdən yayınan prezident Amerika xalqını yeni səhifə açmağa çağırdı.

Çərşənbə axşamı Amerika xalqına Oval Ofisdən müraciət edən prezident Barak Obama ABŞ-ın İraqdakı döyüş missiyasının sona çatdığını elan etdi. “'İraq Azadlığı' əməliyyatı qurtarıb, və indi İraq xalqı öz təhlükəsizliyini təmin etməkdə başlıca məsuliyyət daşıyır,” deyə o, bildirdi. Prezidentliyə namizəd olduğu zaman verdiyi vədi yerinə yetirdiyini qeyd edən cənab Obama 100 000 amerikalı əsgərin İraqı tərk edərək vətənə qayıtdığını açıqladı. O, eləcə də yüzlərlə hərbi bazanın İraq hərbi qüvvələrinə təhvil verildiyini və milyonlarla hərbi ləvazimatın həmin ölkədən çıxarıldığını söylədi.

Barak Obama İraqda müharibənin başa çatmasının həm İraqın həm də Amerika xalqının maraqlarına cavab verdiyini dedi. O, bildirdi ki, Birləşmiş Ştatlar İraqın gələcəyini xalqa həvalə etmək üçün böyük qurbanlar verib. “Biz oğul və qızlarımızı İraqda fədakarlıqlar göstərməyə göndərmişik və daxildə pul qıt olduğu halda, xaricdə külli-miqdarda pul xərcləmişik.” O, ümid etdiyini söylədi ki, müharibənin külündən vaxtikən sivilizasiya beşiyi olmuş məkanda yeni başlanğıc doğulacaq.

Cənab Obama İraqı gələcəyə doğru aparmaq haqda sabiq prezident Corc Buşla danışdığını bildirdi: “Hamıya məlumdur ki, əvvəldən müharibə ilə bağlı mənimlə onun arasında fikir ayrılığı mövcud idi. Amma heç kəs prezident Buşun qoşunlara olan dəstəyinə, yaxud vətəninə olan sevgisinə və təhlükəsizliyimizə sədaqətinə şübhə edə bilməz. Əvvələr dediyim kimi, bəzi vətənpərvərlər bu müharibəni dəstəklədilər, bəziləri isə onun əleyhinə çıxdılar. Lakin hamımız silahlı qüvvələrdə xidmət edən oğul və qızlarımıza ehtiramı və İraqın gələcəyinə olan ümidi bölüşürük.”

Yeddi illik qanlı müharibənin ardınca qələbə elan etməkdən yayınan prezident Amerika xalqını yeni səhifə açmağa çağırdı. Bir vaxtlar prezident Corc Buşun hərbi müdaxiləni elan etdiyi kabinetdə çıxış edən cənab Obama bəyan etdi: “Bizim ən başlıca vəzifəmiz iqtisadiyyatımızı bərpa etməkdir.” İşsizliyin yüksək həddə qaldığı bir müddətdə və iqtisadi artımın kəskin şəkildə zəiflədiyi bir məqamda daxili situasiyanın ABŞ liderinin diqqətində mərkəzi yer aldığı çıxışda aydın sezilirdi. Onun sözlərinə görə qarşıda gələn günlərdə onun əsas missiyası milyonlarla amerikalını işlərinə qaytarmaq olacaq.

Öz çıxışında prezident Obama Respublikaçıların israr etdiyi kimi 2007-ci ildəki qoşun artımına görə prezident Buşu alqışlamaqdan və bu artımın əleyhinə çıxmasını şəxsi səhv kimi etiraf etməkdən imtina etdi. 2007-ci ildə senator qismində cənab Obama həlledici məqamda İraqda ABŞ qoşunlarının artımı haqda qərarın əleyhinə çıxmışdı. Senatda və Nümayəndələr Palatasında Respublikaçı azlıqların liderləri cənab Con Beyner və Mitç MkKonell prezident Obamanın o zaman İraqda sabitliyə gətirib çıxaran qoşun artımının əleyhinə çıxdığını xatırladaraq indiki ABŞ liderindən sitatlar gətirdilər.