ABŞ-ın Sülh Korpusu Qazaxıstanda fəaliyyətini dayandırır

  • Amerikanın səsi

ABŞ-ın Sülh Korpusu Qazaxıstanda fəaliyyətini dayandırır

ABŞ-ın Sülh Korpusu Qazaxıstanda fəaliyyətini dayandırdığını elan edərək, 120 könüllüsünü ölkədən çıxardığını bildirib. Təşkilat Qazaxıstanda proqramın bir sıra əməliyyat problemi ilə əlaqədar olaraq dayandırdığını bildirib, lakin xüsusi bir səbəb göstərməyib.

Sülh Korpusu 18 il bundan əvvəl əməliyyatlara başladığı vaxtdan Qazaxıstana 1100 nəfərdən çox könüllü göndərib. Qrupun direktoru Aaron Vilyams deyib ki, Sülh Korpusunun könüllüləri Qazaxıstanda məktəblər, xəstəxənalar, ictimai mərkəzlər və başqa yerlərdə uzun müddətə təsir qoyacaq işlər görüblər.

ABŞ-ın Qazaxıstandakı səfirliyinin sözçüsü Sülh Korpusunun ölkədən çıxmasının səbəbi ilə bağlı şərh verməyib. Lakin təşkilat Qazaxıstanda fəaliyyətlərini dayandırmasını bir həftə bundan əvvəl Taraz şəhərində yeddi insanın ölümülə nəticələnmiş hücum da daxil olmaqla, ölkədə baş vermiş ayr-ayrı terror aktlarından sonra elan edir.

Mərkəzi Asiyanın ən böyük və iqtisadi cəhətdən ən inkişaf etmiş ölkəsi hesab edilən Qazaxıstan indiyə qədər terror hücumlarının hədəfi olmamışdı. Lakin ölkədə islamçı ekstremistlərin törətdiyi kiçik miqyasda bomba hücumları və atışma hallarının artdığı müşahidə edilir.

Qazaxıstanda dini ekstremizmin qarşısını almaq üçün keçən həftə dövlət müəssisələrində dini yığıncaqları qadağan edən qanun qəbul edilib. Tənqidçilər bununla ekstremizmin artacağını deyirlər.

Bu il 50 illiyi qeyd edilən Sülh Korpusu sülh və dostluq ideyalarını təbliğ etmək məqsədilə dünyanın təxminən 140 ölkəsinə 200 mindən çox könüllüsünü göndərib.