ABŞ demokratik islahatları irəli aparmaq üçün Azərbaycanla işləyəcək

ABŞ demokratik islahatları irəli aparmaq üçün Azərbaycanla işləyəcək

“Mən ABŞ-la Azərbaycan arasındakı münasibətlərin strateji əhəmiyyətini və bizim üzərində işlədiyimiz ikitərəfli, regional və hətta qlobal məsələləri vurğulamaq istəyirəm,” deyə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovu bu yaxınlarda Vaşinqtonda salamlayan ABŞ dövlət katibi Hillari Klinton bildirib. “Biz münasibətlərimizi genişləndirməyə və dərinləşdirməyə öhdəlik götürmüşük.”

Birləşmiş Ştatlar və Azərbaycan arasında qarşılıqlı maraqlara və hörmətə əsaslanan güclü əlaqələr var. “Biz regional təhlükəsizliyi və sabitliyi dəstəkləmək, enerji təhlükəsizliyini gücləndirmək və daha geniş iqtisadi və siyasi islahatları təşviq etmək yönümündə işləyirik,” deyə xanım Klinton bildirib.

Regiona daha çox sülh və təhlükəsizlik gətirmək və ələlxüsus Azərbaycanla Ermənistan arasında mövcud olan Dağlıq Qarabağ problemini həll etmək barədə danışan dövlət katibi deyib: “Biz uzun müddətli konflikti həll etmək üçün Minsk Qrupu vasitəsilə işləməkdə əzmliyik.” 1992-ci ildə ATƏT tərəfindən təsis olunmuş Minsk Qrupunun məqsədi Azərbaycanın cənub-qərbində yerləşən Dağlıq Qarabağ münaqişəsinə dinc qaydada və danışıqlar vasitəsilə həll yolu tapmaqdır.

Siyasi islahatlara gəldikdə, ABŞ Azərbaycan hökuməti tərəfindən məhbus jurnalist Eynulla Fətullayevin azadlığa buraxılmasını alqışlayıb. “Biz Eynulla Fətullayevin məsələsini yaxından izləmişik və Azərbaycan qanunlarına və beynəlxalq normalara uyğun qaydada şəffaf hüquqi prosesin aparılmasına çağırmışıq,” deyə Dövlət Departamentinin sözçüsünün müavini Mark Toner bu yaxınlarda açıqlanan bəyanatda bildirib. “Biz demokratik islahatları irəliyə aparmaq üçün, o cümlədən söz azadlığını və xalqın firavan gələcəyi üçün mühüm olan başqa islahatları təmin etmək məramı ilə Azərbaycanla iş aparmağa öhdəlik götürmüşük.”

Azərbaycanın milli istiqlaliyyət günü olan 28 May münasibətilə açıqlanan bəyanatda dövlət katibi Klinton prezident Obama və Amerika xalqı adından Azərbaycan xalqını təbrik edib və iyirmi il bundan öncə müstəqillik qazananadan bəri Azərbaycanın əldə etdiyi nailiyyətləri sadalayıb.