Corciya ştatında silahlı hücum qurbanları arasında altı Asiya mənşəli qadın var

Çərşənbə axşamı ABŞ-ın cənubi Corciya ştatında bir neçə yerdə atəş açaraq 6-sı asiyalı qadın olmaqla, 8 nəfəri qətlə yetirən şəxsin həbs edildiyi bildirilir.

Cənubi Koreya Xarici İşlər Nazirliyi qurbanlardan dördünün Koreya əsilli olduğunu açıqlayıb.

Birinci hücum Atlanta şəhərindən təxminən 50 kilometr şimalda yerləşən Akvort şəhərindəki masaj salonunda baş verib. Rəsmilər silahlı bir şəxsin bir ağ qadın, bir ağ kişi və iki asiyalı qadını öldürdüyünü, bir nəfəri isə yaraladığını bildirib.

Bundan təxminən bir saat sonra Atlanta polisi bir gözəllik salonunda üç asiyalı qadının güllə yarasından öldüyünü aşkar edib. Daha sonra isə masaj salonunda odlu silahla öldürülən bir asiyalı qadının cəsədi tapılıb.

Polis nəzarət kamerası ilə çəkilən videolarda şübhəlinin avtomobilinin hər üç yerdə olduğunu müəyyən edib və hər üç yerdə hücumları eyni şəxsin həyata keçirdiyini düşünür.

Bir müddət sonra polis Atlanta şəhərinin təqribən 240 kilometr cənubundakı magistral yolda bir nəqliyyat vasitəsini dayandıraraq, 21 yaşlı Robert Aaron Lonqu həbs edib.

Bu silahlı hücum ABŞ-da Asiya mənşəli insanlara qarşı edilən digər hücumlar fonunda baş verir.

“Stop AAPI Hate“ (Asiyalı amerikalılar və Sakit okean adalılarından olan insanlara qarşı nifrətə son) qrupu hücumları Asiya-Amerika icması üçün ”faciə” adlandırıb.

"2020-ci ilin mart ayından bəri ölkə daxilində nifrət zəminində təxminən 3800 insident barədə məlumat almışıq və bu, icmamıza qarşı son hücumların sənədləşdirilmiş nümunəsidir. Asiyalı-amerikalıları yüksək səviyyəli nifrət, ayrı-seçkilik və zorakılıqlardan qorumaq üçün kifayət qədər iş görülməyib," “Stop AAPI Hate“ qrupu bildirib.