ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAİD) və ATƏT-in Bakı ofisi Azərbaycanda insan alverinə qarşı mübarizədə əməkdaşlıq etmək və ədalət mühakiməsinə əlçatımlığını gücləndirmək məqsədilə qrant sazişi imzalayıb. Sazişi USAİD-in Azərbaycandakı missiyasının direktoru Maykl Qrin və ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay imzalayıb. Sazişə uyğun olaraq USAİD ATƏT-in insan alverinə qarşı mübarizə sahəsindəki səylərini dəstəkləyəcək. Bu fəaliyyət nəticəsində insan alveri və məcburi əmək qurbanlarına yardım sahəsində hökumət və qeyri-hökumət qurumları arasında koordinasiya gücləndiriləcək, habelə KİV-lərdə reportajların hazırlanması üçün təlim keçiriləcək. Qrant çərçivəsində pulsuz hüquqi yardım və məlumatla təmin etmək üçün Şəki və Lənkərandakı Hüquq Resurs Mərkəzləri maliyyələşdiriləcək. 2011-ci ilin oktyabr və 2013-cü ilin sentyabr aylarını əhatə edəcək qrantın məbləği 730 min dollardır.
“ABŞ, ATƏT-lə əməkdaşlıq şəraitində, bu müasir köləlik formasına qarşı mübarizədə Azərbaycan tərəfdaşımıza köməklik göstərməyə sadiqdir. ATƏT-in Bakı ofisi bu fəaliyyətləri Azərbaycan hökuməti və vətəndaş cəmiyyəti ilə əməkdaşlıq şəraitində icra edəcək və onlar Azərbaycanda insan alverinə qarşı mübarizəyə böyük töhfə verəcək”, - Amerikanın Azərbaycandakı səfiri Metyu Brayza bildirib.
ATƏT-in Bakı ofisinin rəhbəri Koray Tarqay isə deyib ki, layihə Azərbaycan hökumətinin ATƏT öhdəliklərini yerinə yetirməsinə kömək edəcək. “Azərbaycanın enerji sahəsindəki inkişafla əldə etdiyi uğurlara təhlükəsizlik və ədliyyə sektorunda da nail olması, qarşıdan gələn illərdə ölkədə plüralist demokratiya, insan haqları və iqtisadi tərəqqi üçün münbit şərait yarada bilər”, - o qeyd edib.
İmzalanma mərasimində həmçinin Azərbaycan Daxili İşlər Nazirliyinin İnsan Alverinə qarşı Mübarizə idarəsinin rəisi Cavad Şıxəliyev və ekspertlər iştirak ediblər.