ABŞ Yəməndəki bütün personalını geri çağırdı

ABŞ üsyançıların nəzarətində olan paytaxt Sənada iki məsciddə həyata keçirilən və 137 nəfərin ölümü nəticələnən intiharçı hücumundan bir gün sonra Yəməndəki bütün personalını geri çağırıb.

ABŞ Dövlət Departamenti bu gün açıqladığı bəyanatda bildirib ki, müvəqqəti yerdəyişmə Yəməndə təhlükəsizlik vəziyyətinin pisləşməsi ilə bağlı olub.

Yəmənin cənubundakı Əl-Anad hərbi hava bazasında ABŞ-ın yüzə yaxın xüsusi qüvvələri yerləşdirilmişdi. ABŞ bu bazadan Yəməndəki Əl-Qaidəni hədəf alan pilotsuz təyyarələr havaya qaldırmaq üçün istifadə edirdi. Dövlət Departamenti bildirib ki, ABŞ Yəməndən qaynaqlanan bütün terror hədələrini yenə də yaxından izləmyə davam edəcək və bölgədə bu hədələrə cavab verə biləcək qabiliyyətə malikdir.

Bu gün şiə Huti üsyançıları ölkənin cənubundakı Taiz şəhərinin hava limanını ələ keçiriliblər. Yəmən təhlükəsizlik qüvvələri deyir ki, üsyançılar keçmiş prezidenti Əli Abdulla Salehdən dəstək alıblar.