Azərbaycan Xalq Cümhuriyyəti yad edilir

Azərbaycan Xalq Cümhuriyyətinin 90 illiyi ilə bağlı yubiley təntənələri davam edir. Bu gün Milli Parkda geniş bayram konserti təşkil edilib, ölkənin hər guşəsində el şənlikləri, rəsmi mərasimlər keçirilir. Təntənələr paytaxtda gecəyarı atəşfəşanlıqla yekunlaşacaq. Bu gün Ankarada Cümhuriyyətin qurucularından Məmməd Əmin Rəsulzadənin heykəli açılıb. Bakıda isə Məmməd Əmin Rəsulzadənin qurucusu olduğu “Müsavat” partiyası onun anadan olduğu Novxanı kəndindəki heykəli önündə mitinq keçirib. Çıxış edənlər bayram təbrikləri ilə yanaşı problemlərə də yer verib. “Müsavat” partiyasının divan üzvü Almaz Əliqızı Məmməd Əmin Rəsulzadə irsinə hazırki iqtidarın önəm vermədiyini bildirib. “Müsavat” başqanının müavini Arif Hacılı isə cümhuriyyət qurucularının anılmamasından narahatdır. Onun fikrincə, cümhuriyyət liderlərinin heykəllərini xalq öz qəlbində ucaldıb və xalq ölkədə demokratik dəyişiklik istəyir. Bayram günündə Məmməd Əmin Rəsulzadənin anadan olduğu evin qapısından qıfıl asılıb. Həmin evdən Sovet dönəmində olduğu kimi, yenə də uşaq bağçası kimi istifadə olunur. Evin qapıları qarşısında isə sadə bir gənc öz şeri ilə yaradanı və yatmış vulkanı haraylayırdı. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ildə rus ordusunun Azərbaycanı işğalı nəticəsində süquta uğrayıb. Cümhuriyyət qurucularının taleyinə isə yaxşı halda sürgün düşüb. Məmməd Əmin Rəsulzadənin qohumlarının demək olar ki, əksəriyyəti güllələnib və ya ölümlə üz-üzə qalıb. Məmməd Əmin Rəsulzadənin uşaqkən sürgün edilmiş nəvəsi Füruzə xanım bunlardan danışıb.