Vitse-prezident Dik Çeyni Yaxın Şərqdə səfərdədir

Birləşmiş Ştatların vitse-prezidenti Dik Çeyni Yaxın Şərqə səfəri çərçivəsində Misir, Səudiyyə Ərəbistanı və Küveyt rəsmilərilə görüşür. Cənab Çeyninin Səudiyyə Ərəbistanı və Misir rəsmilərilə danışıqlarının diqqət mərkəzində İraqda siyasi proseslərin gedişi və qərblə Suriya və İran arsında qarşıdurma durur. Birləşmiş Ştatların vitse-prezidenti Səudiyyə Ərəbistanının kralı Abdulla ilə onun Riyad yaxınlığındakı iqamətgahında nahar etmiş, bundan öncə isə Misir prezidenti Hüsnü Mübarəklə səhər yeməyi zamanı regional təhlükəsizlik, əks-terror səyləri daxil olmaqla, geniş məsələləri müzakirə etmişdir. Cənab Çeyninin hər iki liderlə danışıqları zamanı İraqda vəziyyət, Sudanın Darfur regionunda yaranmış böhran, Livanın sabiq baş naziri Rəfiq Həririnin qətlindən sonra Livan və Suriya arasında gərginlik daxil olmaqla, bir sıra məsələlərə yer verilmişdir. Danışıqların diqqət mərkəzində bu yaxınlarda Avropa ölkələri və Birləşmiş Ştatların etirazlarına baxmayaraq, nüvə proqramına yenidən başlamış İran ətrafında yaranmış gərginlik olmuşdur. Cənab Çeyni İranın nüvə proqramı ilə bağlı məsələnin BMT-nin Təhlükəsizlik Şurasına çıxarılmasında Misrin dəstəyini istəmişdir. Misir məsələnin Təhlükəsizlik Şurasında qoyulub-qoyulmamasını müəyyən edəcək Beynəlxalq Atom Enerjisi agentliyinin idarə heyətinə daxil olan 35 ölkədən biridir. Lakin Misir hökumətinin sözçüsü İsrailə işarə edərək, ölkəsinin belə bir addımı, onun sözlərilə, “ikili standartlardan azad olduğu bir halda ata biləcəyini demişdir.
Səfərinin sonunda vitse-prezidenti Dik Çeyni keçən həftə vəfat etmiş əmirin yerinə seçilmiş yeni əmirə öz ehtiramını bilrdirmək üçün Küveytdə olacaq.