YUNESKO Bakıda Avropa regionunda savadsızlıqla bağlı problemləri müzakirə edir

Bakıda YUNESKO, Azərbaycan Təhsil Nazirliyi və Heydər Əliyev Fondunun dəstəyi ilə "Avropada subregional çərçivədə savadlılıq problemlərinə baxış tərəfdaşlıq əlaqələrinin qurulması və innovativ yanaşmaların tətbiqinə dəstək" mövzusunda üçgünlük konfrans işinə başlayıb. Forum "Dünyada Savadlılığın Dəstəklənməsi" üzrə YUNESKO-nun Regional konfransları çərçivəsində keçirilən 5-ci konfransdır və Avropa regionunda savadsızlıqla bağlı problemlər müzakirə ediləcək. Tədbirdə Avropanın 31 ölkəsindən iki yüzədək ekspert, birinci xanımlar, təhsil nazirləri, beynəlxalq təşkilatların, qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edir. Beynəlxalq forumun açılış mərasiminə Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, YUNESKO-nun baş katibi Koiçiro Matsuura, Niderland şahzadəsi Laurentin və videomüraciətlə ABŞ-ın birinci xanımı Laura Buş qatılacaq. Tədbirdə "Müasir dünyada savad konsepsiyası, onun inkişafı və yaşlıların təlimi", "Ailədə savad və nəsillərarası öyrənmə", "Səhiyyə sahəsində savadlılıq", "Davamlı inkişaf naminə savad və təhsil", "Savad səviyyələrinin və təməl bacarıqlarının müəyyən edilməsi və dəyərləndirilməsi" məsələləri müzakirə ediləcək. Konfransdan öncə keçirilən mətbuat konfransında təhsil naziri Misir Mərdanov bildirib ki, müasir Avropada savadsızlıq məsələləri yalnız oxumaq və yazmaqla məhdudlaşmır. "Artıq Avropada savadsızlıq probleminin həllinə yeni baxış formalaşıb. Bu, texniki biliklər, məlumatları anlamaq, təhlil etmək, onu ötürməyi nəzərdə tutur". Nazir bildirib ki, konfransda dünyada savadlılığın genişlənmiş konsepsiyası müzakirə olunacaq. "Bakı konfransı həmçinin savadsızlıq dərəcəsinin qiymətləndirilməsi, tədrisin keyfiyyətinin yüksəldilməsinə pedaqoji yanaşmalar və qanunverici təsisatlar üzrə yeni tələblərin yerinə yetirilməsı məsələlərini müzakirə edəcək. Hər bir subregion ölkəsinin spesifik xüsusiyyətlərini nəzərə alaraq, işlə təmin olunma, sağlamlıq, davamlı inkişaf və vətəndaşlığa uyğun praktik məsləhətlər veriləcək. Konfransda həmçinin effektivliyin təsdiq edilmiş proqramlarının təqdimatı olacaq". YUNESKO-nun təhsil üzrə baş direktorunun müavini Nikolas Börnet bildirib ki, indiyədək heç bir dövlət təhsil problemini sonadək həll edə bilməyib. Onun sözlərinə görə, Avropada da təhsillə bağlı ciddi problemlər var. "YUNESKO-nun hesablamalarına görə, Avropada savadlılıq dərəcəsi 96 faiz olsa da, ciddi problemlər qalmaqdadır. Təşkilatın hamı üçün təhsil 2008-ci il Beynəlxalq Monitorinq hesabatına görə, Mərkəzi və Şərqi Avropada 9 milyon insan yazıb-oxuya bilmir”. Onun sözlərinə görə, hamı tərəfindən qəbul olunan mülahizələrə görə, yalnız milli azlıqlar savadsızlıqdan əziyyət çəkir. Amma savadsızlığın aşağı səviyyəsi Avropa əhalisinin əsas hissəsinə aiddir. Hələ də yaşlı nəslin bir hissəsi onların həyatına, ölkələrinin iqtisadi və siyasi həyatına təsir edən aşağı savadlılıq dərəcəsinə malikdir. Bu, insanların hər hansı mətnlə işləmək bacarığı deyil, savadlılıq özündə informasiyanı müxtəlif yollarla yerləşdirməyi, nəticə çıxarmağı, həmçinin qrafik, kompüter və riyazi bacarığı cəmləşdirir". Baş direktorun müavini “Amerikanın səsi” radiosunun sualının cavabında yeni müstəqil dövlətlərin təhsil sisteminin Avropa təhsil sisteminə inteqrasiya məsələlərinə YUNESKO-nun kömək etməyə hazır olduğunu bəyan edib. "Bu dövlətlər YUNESKO qarşısında təşəbbüslə çıxış etməli, ehtiyaclarını əks etdirən milli proqramları olmalıdır". İranda yaşayan milyonlarla azərbaycanlının ana dilində təhsil ala bilməməsi ilə bağlı sualının cavabında isə YUNESKO-nun Ömürlük Təhsil İnstitutunun direktoru Adam Ouen bildirib ki, bu məsələ təşkilatın 1950-ci ildə keçirdiyi konfransda müzakirə edilib. "YUNESKO-nun konfransı hər kəsin ana dilində təhsilinin təmin edilməsini tövsiyyə edib. Düzdür bir sıra ölkələrdə bu həyata keçirilmir. Bu həm də itməkdə olan dillərlə bağlıdır. Elə linqvistik sistem yaradılmalıdır ki, bütün dillər qorunub saxlansın. YUNESKO kiberməkanda müxtəlif dillərdə təhsili dəstəkləyir. İran da bu sahədə siyasətini formalaşdırmalı və həyata keçirməlidir. YUNESKO belə siyasəti dəstəkləyərdi".