Azərbaycanda korrupsiyaya qarşı mübarizə üçün hüquqi baza yaradılıb. Bu sözləri bu gün keçirilən mətbuat konfransında Baş Prokuror yanında korrupsiyaya qarşı mübarizə İdarəsinin rəisi Namiq Əskərov deyib. Sözlərinin təsdiqi kimi, o ölkənin bir çox beyənlxalq konvensiyalara qoşulduğunu, Dövlət Proqramının qəbul edildiyini, çoxsaylı hüquqi aktların olduğunu göstərib.
Cənab Əsgərov hesab edir ki, korrupsiyanın qarşısının alınması üçün repressiv tədbirlər o qədər də böyük səmərə vermir. Onun fikrincə, korrupsiyanın səviyyəsini aşağı salmaq üçün ilk öncə onu yaradan amilləri və səbəbləri aradan qaldırmaq lazımdır.
Korrupsiyaya qarşı mübarizə İdarəsinin itsintaq şöbəsinin müdiri Nazim Abbasov korrupsiya faktları ilə əlaqədar 85 nəfərə qarşı 38 cinayən işi açıldığını bildirib. Onların 15-i ağır cinayətlərə aiddir.
İdarənin analitik şöbəsinin rəisi Müqəddəs Sultanovun sözlərinə görə, vətəndaşlardan enerji haqqlarının yığılması zamanı da korrupsiya hallırna yol verilib. «Şamaxı, Şəki, Salyan, və Gorandoy rayonlarında enerji haqlarının yığılmasında yol verilmiş qanunsuzluqlarla bağlı cinayət işi başlanıb. Bu rayonlarda vətəndaşlardan enerji pulunu əsasən saxta sənədlərlə yığıblar».
Namiq Əsgərov isə suallara cavabda «Barmek-Azərbaycan» Elektrik Şəbəkəsi Məhdud Məsuliyyətli Cəmiyyət və "Müstəqil Azərbaycan" Universitetinin işi üzrə istintaqın davam etdirildiyini bildirib.
İdarə rəisi vəzifəli şəxslərə məxsus villaların, çoxsaylı mülkiyyətlərin qiymətləndirilməsinin aparılması, Bakıda tender elan edilmədən körpülərin tikintisi, bir çox idarə və müəssisələrdə ikili mühasibliyin olması faktlarının araşdırılması ilə bağlı sualın cavabından isə yayınıb. O bunlarla bağlı idarəyə müraciətlərin daxil olmadığını deyib.