Bakıda ABŞ Enerji Departamenti və Azərbaycan Fövqəladə Hallar Nazirliyinin dəstəyi ilə zəlzələyə davamlı, enerji səmərəsi olan tikinti materiallarına dair ABŞ-Azərbaycan seminarı keçirilir.
ABŞ-ın Azərbaycandakı səfiri Enn Dersi bildirib ki, seminar iki dövlətin özəl və hökumət strukturları arasındakı əməkdaşlığın bir nümunəsidir. O, Azərbaycanla ABŞ arasında enerji təhlükəsizliyinin uzun tarixə malik olduğunu və heç kimin inanmadığı bir vaxtda Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəmərinin tikintisində əməkdaşlıq edildiyini deyib.
Xanım Dersinin fikrincə, Azərbaycanın yaşayış, kommersiya və daşınmaz əmlak bazarı sürətlə inkişaf edir. Bu seminar zəlzələyə davamlı və enerji səmərəli evlərin tikintisi sahəsində ABŞ-Azərbaycan əməkdaşlığına təkan verəcək.
Azərbaycanın Fövqəladə Hallar nazirinin müavini Orucəli Hacıyev bildirib ki, ölkə ərazisinin 6 faizini təşkil edən Bakı bölgəsində şəhər əhalisinin 55 faizi cəmləşib. Onun sözlərinə görə, son yüz ildə Bakının əhalisi yüz dəfədən çox artıb və hazırda burada əhali sıxlığı hər bir kvadrat kilometrə 380 nəfər təşkil edir.
Nazir müavininin fikrincə, Bakıda tikintinin intensivliyi çox böyükdür və əhalinin paytaxta axınının qarşısının alınması üçün tədbirlər hazırlanır.
Azərbaycanın İnşaat və Memarlıq Universitetinin rektoru Gülçöhrə Məmmədova universitetlərlə tikinti şirkətləri arasındakı əməkdaşlığın perspektivlərindən danışıb. Onun fikrincə, tikinti şirkətləri ilə universitetlər arasında əməkdaşlıq zəif inikşaf edir. Xanım Məmmədova hesab edir ki, Azərbaycanda tikinti sahəsində biliklər dünya standartlarından bir qədər geri qalır.
ABŞ Enerji Nazirliyinin bərpa olunan enerji üzrə milli laborotoriyasının direktor əvəzi Stenli R. Bul bildirib ki, ABŞ-da tikinti zamanı bərpa olunan enerjilərdən də istifadə edilir. "Biz külək, günəş və bioenerjilərdən istifadə edirik. Hesab edirik ki, hökumətlər bu sahədə yeni texnologiyaların tətbiqi, siyasət və bazarların bir araya gətirilməsi üçün çox çalışılmalıdır".
Onun sözlərinə görə, ABŞ-da yeni tikilmiş binalar enerji istifadəçisi ilə yanaşı, enerji istehsalçısı rolunu da oynayır. "İstəyirik ki, alternativ enerjilərdən istifadə vasitəsi ilə binaların bərpa olunmayan enerji növlərindən istifadəsini sıfıra endirək", - deyə cənab Bul qeyd edib.