Azərbaycanda ümumxalq matəm günüdür

1990-cı il yanvarın 19-da keçmiş SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin “Alfa” qrupu Azərbaycan televiziyasının enerji blokunu partladıb, respublikada televiziya verilişləri dayandırılıb. Yanvarın 20-də isə gecə qoşun hissələri xəbərdarlıq etmədən ağır texnikalarla paytaxt Bakıya daxil olub və dinc əhalini gülləbəran edib. Nəticədə 137 nəfər qətlə yetirilib, 700-dək insan yaralanıb, 800-dən çox adam həbs edilib.

Hər il olduğu kimi bu gün də Azərbaycanda 20 yanvar ümumxalq matəm günü qeyd olunur. Azərbaycan prezidenti İlham Əliyev, dövlət və hökumət rəhbərləri şəhidlər xiyabanını ziyarət edib, diplomatik missiyaların başçıları Azərbaycan xalqına başsağılığı verib. Saat 12.00-da isə ölkə ərazisində şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib, bütün məscidlərdə dualar oxunub. Gün ərzində də yüz minlərlə insan şəhidlərin ziyarətinə gəlib.

Bütün bunlarla yanaşı indiyədək 20 yanvar olayının günahkarları cəzanlandırılmayıb. Azərbaycana qanunsuz olaraq qoşun yeritmiş keçmiş SSRİ-nin o vaxtkı rəhəbəri Mixail Qorbaçov, keçmiş müdafiə naziri və digər şəxslər hələ də azadlıqdadır.

Rusiyanın «Şit» təşkilatının o vaxtkı hesabatında deyilir ki, keçmiş sovet dövlətinin hərb maşınının həmin gün Azərbaycan xalqına qarşı həyata keçirdiyi vəhşi terror aktı insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixində qara səhifə olaraq qalacaqdır.

«Milli azadlığı, ölkəsinin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, kütləvi terror nəticəsində yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması totalitar sovet rejiminin süqutu ərəfəsində onun cinayətkar mahiyyətini bütün dünyaya bir daha nümayiş etdirdi. Sovet Ordusunun böyük kontingentinin, xüsusi təyinatlı bölmələrin və daxili qoşunların Bakıya yeridilməsi xüsusi qəddarlıq və görünməmiş vəhşiliklə müşayiət edildi».

Təşkilatın hesabatında keçmiş Sovet ordusunun qəddarlığı belə təsvir olunub. « Adamları xüsusi qəddarlıqla və yaxın məsafədən güllələmişlər. Məsələn, Meyeroviçə 21,.Xanməmmədova 10-dan çox, Rüstəmova 23 güllə vurulmuşdur, xəstəxanalar, “təcili yardım” maşınları atəşə tutulmuş, həkimlər öldürülmüşdür, adamlar süngü-bıçaqla qətlə yetirilmişdir. Onların arasında hər iki gözü çıxarılmış Yefimtsev də var».