Xoşbəxt Yusifzadə: Azərbaycan qazı Nabucco kəmərini  təmin edə bilər 

Azərbaycan Dövlət Neft Şirkətinin vitse-prezidenti Xoşbəxt Yusifzadə "Amerikanın səsi" radiosuna müsahibə verib. Müsahibədə Nabucco layihəsi və Azərbaycanın qaz ehtiyatlarından danışılır.

Sual: Azərbaycan Nabucco layihəsinə qoşula bilərmi?

Cavab: Azərbaycanın qaz ehtiyatları Nabucco kəmərini tam təmin edə bilər.

Sual: Azərbaycanın təxminən nə qədər qaz ehtiyatı var? Sahdəniz yatağının ikinci mərhələsində Azərbaycan nə qədər qaz emal edə bilər?

Cavab: Qazılan quyular da təsdiq edib ki, Sahdəniz yatağında azı 1 trilyon 200 milyard kub metr qaz və 250 milyon ton kondensat var. Bundan başqa, Azəri - Çıraq yatağında 300 milyard kubmetr dib qazı var. Ümumilikdə

aşkar edilmiş yataqlarda 2 trilyon kubmetr qaz var. Perspektivli yataqlar da var. Hazırda Dövlət Neft şirkəti Ümid strukturunda işləmək istəyir. Bundan başqa, perspektivdə Zəfər-Məşəl, Naxçıvan strukturları da nəzərə alınmalıdır. Qaz ehtiyatlarına baxanda Azərbaycanın Nabucco layihəsində iştirakı mümkündür və bu iştirak danışıqlardan asılı olacaq.

Sual: Satılacaq qazın qiymətləri necə olmalıdır? Kommersiya Sazişləri müzakirə edilirmi?

Cavab: 1994-cü ildə Azərbaycan "Əsrin Müqaviləsi"ni imzalayanda neftin bareli 13-15 dollar idi. Onda hər şey normal idi. Sonra neftin qiyməti qalxdı. İndi stabilləşir. Amma digər məhsulların qiyməti qalxır. Mənə elə gəlir ki, müəyyən müddətdən sonra qiymətlərdə sabitləşmə yaranacaq. Bu belə davam edə bilməz.