Xocalı faciəsindən 16 il keçir

Xocalı faciəsindən 16 il keçir. O günlərin şahidlərindən biri Tacirə Xəlilova yaxınlarını Xocalı daş heykəlinə sığınaraq göz yaşları ilə xatırlayır. O vaxt “Vaşinqton post” qəzeti Xocalı qurbanları barədə yazırdı. “Cəsədlər arasında iki uşaq və üç qadın meyiti vardı. Onlardan birinin sinəsinə yaxın məsafədən atəş açılmışdı. Ağdam hospitalına gətirilmiş 120 qaçqının çoxunda süngü yarası vardı.” “Le Mond” qəzetində deyilirdi ki, şəhərdən qaçan qadınlara və uşaqlara yaxın məsafədən avtomat silahlardan atəş açılmışdı. “Tayms” qəzeti bildirirdi, adamların çoxunun cəsədi eybəcər hala salınmışdı.

Hadisənin canlı şahidləri “Amerikanın səsi” radiosuna bildiriblər ki, onlar bu gün də faciəni həyəcansız xatırlaya bilmir. Rəsmi məlumatlara görə, 1992-ci il fevralın 25-26-da Xocalıda 613 nəfər dinc sakin qətlə yetirilib. 1275 nəfər əsir götürülüb, onlardan 150 nəfərin taleyi hələ də məlum deyil. 1000-dən çox dinc sakin əlil olub. Hadisələr zamanı 6 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq isə valideynlərindən birini itirib.

İndiyə qədər faciənin törədilməsində təqsirli bilinən bir nəfər belə nə Interpol vasitəsi ilə, nə də Azərbaycan hüquq mühafizə orqanları tərəfindən həbs edilməyib. Azərbaycanın hərbi prokuroru Xanlar Vəliyev 31 nəfər barəsində Interpol vasitəsi ilə axtarış elan edildiyini deyir.

Hər il olduğu kimi, bu gün də prezident İlham Əliyev Xocalı abidəsinin önünə əklil qoyub. Ölkənin bütün rəsmi şəxsləri, Milli Məclisin deputatları, on minlərlə insan Xocalı qurbanlarının abidəsini ziyarət edib.

Dünyanın 60-dan çox ölkəsində faciə qurbanlarının xatirəsi yad edilib, mitinqlər keçirilib. Bu il “Xocalı soyqırımı” abidə kompleksi də yenidən qurulub. Faciə qurbanlarının hər birinin adı daş lövhədə həkk olunub. Xətai rayon icra hakimiyyətinin başçısı Razim Məmmədov “Amerikanın səsi” radiosuna Xocalı muzeyinin yaradılacağını da bildirib. Bu gün faciə qurbanları ölkə ərazisində bir dəqiqəlik sükutla da yad edilib. Bütün məktəblərdə Xocalı faciəsi ilə bağlı yad etmə dərsləri keçilib, sərgilər təşkil edilib.