Azərbaycan diplomatik xidmətinin 90 ili tamam olub

Azərbaycan diplomatik xidmətinin 90 illik yubileyinə həsr olunmuş “Azərbaycan qlobal siyasətdə: xarici siyasətin formalaşması” mövzusunda beynəlxalq konfrans açılıb. Diplomatların və çoxsaylı ekspertlərin iştirak etdiyi konfransda Azərbaycan xarici siyasətinin tarixi, formalaşması, dövrləri və bu günü ilə bağlı müzakirələr aparılıb.
Xarici işlər naziri Elmar Məmmədyarov bildirib ki, Azərbaycan diplomatik xidməti 1918-ci ildə Gəncə şəhərində yaranıb və Azərbaycan Xalq Cümhuriyyətinin 16 diplomatik missiyası olub. Sovet dövründə - 1930-cu ildə nazirlik ləğv edilib və 1944-cü ildə BMT təsis edilərkən yenidən bərpa edilib və SSRİ Xarici İşlər Nazirliyinin tabeliyinə keçib.
Nazir müstəqillik dövrünün xarici siyasət kursu barədə də geniş məlumat verib. “Azərbaycan müstəqillik dövrünə Dağlıq Qarabağ münaqişəsi ilə daxil olub və xarici siyasətin birinci prioriteti Ermənistan-Azərbaycan münaqişəsidir”.
Cənab Məmmədyarov BMT-nin münaqişə ilə bağlı 4 qətnaməsini xatırladıb. “BMT Təhlükəsizlik Şurasının qətnamələri Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasını, erməni qoşunlarının Dağlıq Qarabağ və ətraf rayonlardan çıxarılmasını, qaçqınların doğma yurdlarına qayıtmasını nəzərdə tutur”.
Nazir Ermənistanla aparılan danışıqları çox vacib adlandırıb. “İki ölkə prezidentlərinin danışıqları çox vacibdir. Danışıqları 5 il əvvəllə müqayisə edəndə irəliləyişlər var. Çətinliklər var, ancaq irəliyə gedirik. Həll prosesində çox ləng hərəkət edirik, ancaq hərəkət edirik. Danışıqları davam etdirəcəyik. Qoşunlar Azərbaycan ərazisindən çıxarıldıqdan, ərazilər azad edildikdən, qaçqınlar qayıtdıqdan sonra daha əsas məsələlərin müzakirəsinə başlayacağıq. Danışıqları bugünkü status-kvoda saxlamaq istəmirik. Ermənistan da başa düşür ki, indiki status-kvoda qalmaq mümkün deyil”, - deyə o qeyd edib.
O, eyni zamanda Azərbaycanın uğurlu enerji siyasətini diqqətə çatdırıb. Nazir hesab edir ki, enerji siyasəti Azərbaycana böyük uğurlar gətirib. “Azərbaycanın enerji siyasəti hətta Ceyms Bondu kəmərlərin təhlükələri ilə bağlı film çəkməyə həvəsləndirib”.
Cənab Məmmədyarov Azərbaycanın qaz siyasətinin də uğurlu olduğunu deyib. “Biz yeni kəmər tikməklə Azərbaycan qazının Gürcüstan, Türkiyə və Yunanıstan bazarına çıxarılmasına nail olmuşuq”.
Türkiyənin keçmiş xarici işlər naziri Hikmət Çətin hesab edir ki, Azərbaycan regionun ən vacib dövlətinə çevrilib. “Azərbaycan xarici siyasəti müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinlikləri dəf edib. Artıq Azərbaycan İran və Rusiya ilə normal münasibətlər qurub, qərblə şərq arasında körpü rolunu oynayır”.
Cənab Çətin Azərbaycanın müsəlman şərqində 1918-ci ildə ilk demokratik dövlət qurduğunu və qadınlara seçki hüququ verdiyini xatırladıb.
O, Ermənistan-Azərbaycan münaqişəsindən danışarkən Ermənistanı Azərbaycan ərazilərini boşaltmağa çağırıb. “Ermənistan başa düşməlidir ki, Azərbaycan ərazilərini işğalda saxlaya bilməyəcək, gec-tez əraziləri boşaldacaq”.
Keçmiş xarici işlər naziri Türkiyə-Azərbaycan münasibətlərinin tarixinə də nəzər salıb. “Türkiyə həmişə Azərbaycanla birgə olub və bundan sonra da belə olacaq”.
Rusiya xarici işlər nazirinin keçmiş müavini Viktor Kalyujnı bildirib ki, Azərbaycan gənc müstəqil dövlət olsa da, onun diplomatiyasının böyük tarixi var. “Azərbaycanın suveren və müstəqil xarici siyasəti var, Qafqazda əsas dövlətdir və stabilliyin əsas dayağıdır”.
O, Rusiya prezidentinin Bakıya son səfəri və Rusiya ilə Azərbaycan arasında qaz sahəsində Sazişin imzalanmasını xüsusi qeyd edib. “Rusiya prezidentinin səfəri və imzalanmış vacib qaz sazişi iki ölkə arasında diplomatik münasibətlərdə yeni səhifə açıb”.
Cənab Kalyujnı Xəzər dənizinin hüquqi statusu üzrə aparılan danışıqlara da toxunub. “Xəzər regionda mühüm unikal əhəmiyyət daşıyır. Burada böyük iqtisadiyyat, siyasət və problemlər mövcuddur. Bu unikal hövzəyə olan maraqlar dövlətlərə olan maraqlardan 10 dəfə çoxdur”.
O, Xəzərin hüquqi statusu ilə bağlı beştərəfli sazişin imzalanmamasının problemlərə yol açdığını diqqətə çatdırıb. “Danışıqlarda irəliyə doğru hərəkət lazımdır. Xəzər regionun perspektivi üçün bir dayaqdır. Hüquqi statusla bağlı razılaşma tezliklə əldə edilərsə, bu, Qafqazda siyasi problemlərin həllinə yol açar”.
CNN tetekanalının siyasi şərhçisi Bil Şnayder Amerikanın xarici siyasətinin özəlliklərindən danışıb. Onun fikrincə, ABŞ-ın regionla bağlı siyasətinin mərkəzində İran məsələsi durur. “İranda prezident seçkilərindən sonra bu ölkə daha çox təhlil edilir. Təhlükə yaradacaq silahların qarşısının alınması və nüvə proqramı diqqət mərkəzindədir. İranda müxalifət də güclüdür. Bir sözlə, İran məsələsi ABŞ-ın xarici siyasətinin vacib nöqtələrindəndir”.
Şərhçi hesab edir ki, Barak Obama administrasiyası dünyaya yeni siyasətlə baxır. “Buş doktrinasına artıq inam yoxdur. Barak Obama çalışır qulaq assın, əməkdaşlığın gücündən istifadə edərək münasibətləri inkişaf etdirsin”.
O, Amerikanın yenə də dünyadakı münaqişələrdə status-kvo gücünü saxladığını diqqətə çatdırıb. “Amerika prezidentinin Ankara və Qahirədəki bəyanatları yeni dünya siyasətinin yaradılmasına işarədir. Amerika dünyada yeganə güc olaraq qalacaq. Amerika Küveytdə hərəkət etməsəydi, Səddam Hüseyn indi də orada idi. Eləcə də, Bosniyada ABŞ problemin həllində mühüm rol oynayıb. Ruanda və Dohada ABŞ hərəkət etmədi, vəziyyət dözülməz olaraq qalmaqdadır. Təəssüf ki, Rusiya və Çin belə problemlərin həllində hərəkət etmək istəmir”, - deyə o qeyd edib.