Ekspert hesab edir ki, Xəzər regionu təhlükə mənbəyi olaraq qalır

Xəzərin hüquqi statusu ilə bağlı Konvensiyanın işlənib hazırlanması üzrə Xüsusi İşçi Qrupun Bakıda iclası keçirilib.

İclasdan sonra keçirilən mətbuat konfransında Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov bildirib ki, müzakirələr dostluq, konstruktivlik və qarşılıqlı anlaşma şəraitində keçib.

Nazir müavini bir sıra prinsipial məsələlərdə detallar üzrə razılıq əldə edildiyini, bəzi məqamlarda isə mövqelərin yaxınlaşdığını deyib. Onun sözlərinə görə, müzakirələrdə həm dənizin sektorlara bölgüsü, həm də su səthinin rejiminin müəyyən edilməsi mühüm əhəmiyyət kəsb edib.

İclasda Azərbaycan tərəfi Xəzərdə təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında saziş layihəsi təqdim edib. Cənab Xələfovun sözlərinə görə, tərəflər sənədi tədqiq edəcək və növbəti iclasda münasibət bildirəcək.

İran, Qazaxıstan, Rusiya və Türkmənistan nümayəndələri də tərəflərin mövqelərində yaxınlaşma olduğunu vurğulayıblar.

Öz növbəsində, ekspertlər Xəzərin hüquqi statusunun müəyyən edilməsinə regionun ümumi təhlükəsizliyinin tərkib hissəsi kimi baxır. Xəzər məsələləri üzrə ekspert Rüstəm Məmmədov hesab edir ki, Gürcüstana Rusiyanın son təcavüzü Xəzərin hüquqi rejiminin nizamlanması üzrə razılığın əldə ediləcəyinin çox uzaqda olduğunu bir daha sübut edib. Onun fikrincə, Xəzər regionu təhlükə mənbəyi kimi qalmaqdadır.

Ekspert hesab edir ki, Xəzərdə mülkiyyət məsələləri də həllini tapmayıb və bu hər an siyasi qarşıdurmanın hərbi qarşıdurmaya keçməsinə yol açır.

Cənab Məmmədov dənizin su səthinin bölgüsü məsələsində də ciddi fikir ayrılıqlarının olduğunu deyir. Su səthinin bölünməsi "Rusiya və İran arasında birbaşa əlaqələrin kəsilməsi deməkdir. Bu isə həmin dövlətlər tərəfindən qəbul edilmir".

Ekspert Xəzərdə hərbi qüvvələrin yerləşdirilməsi məsələsinin də müəmma olaraq qaldığını diqqətə çatdırıb. Onun fikrincə, qərbin təklifləri ilə Rusiyanın təklifləri arasında da ziddiyyətlər mövcuddur.

Cənab Məmmədov hesab edir ki, hazırkı anda qərb dövlətlərinin hərbi birləşmələrinin Xəzərə gəlməsi region üçün faciələr yaradar. Bunu Qara dəniz regionunda NATO-nun maraqlarına adekvat reaksiyalar bir daha sübut edir.