Azərbaycan prezidenti xarici siyasətin əsas prioritetlərini açiqlayıb  

Prezident İlham Əliyev diplomatik xidmət rəhbərlərinin üçüncü müşavirəsində ölkənin xarici siyasətinin növbəti illər üçün əsas prioritetlərindən danışıb. O Azərbaycanın xarici siyasətinin çox açıq və səmimi olduğunu deyib.

Prezident səfirləri xaricdə yaşayan Azərbaycan icmaları ilə daha da sıx əlaqə qurmağa çağırıb. "Hesab edirəm ki, bu istiqamətdə son illər çox böyük işlər görülüb. Demək olar ki, azərbaycanlıların yaşadıqları bütün ölkələrdə bizim diaspor strukturlarımız formalaşıb və güclənir. Bu, həm orada yaşayan azərbaycanlılar üçün böyük fayda gətirir, həm də Azərbaycanın siyasətinə böyük dəstəkdir".
Cənab Əliyev Azərbaycanın investisiyalarının ilk növbədə daha yaxın ölkələrə yönəldildiyini bildirib. "Təkcə son bir ildə Dövlət Neft Şirkəti Türkiyə və Gürcüstan iqtisadiyyatına 2,5 milyard dollar sərmayə qoyub və bu proses davam edir. Biz sərmayələr üçün nəinki enerji sahəsində, digər sahələrdə də yeni yerlər axtarırıq. Azərbaycan iqtisadi maraqlarını daha da gücləndirəcək, iqtisadiyyatı şaxələndirəcəkdir".

Prezident Ermənistan-Azərbaycan münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin beynəlxalq təşkilatlarda və ikitərəfli müstəvidə dəstəkləndiyini deyib. "Bütün dünya bilir ki, bu münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapa bilər. Bu mövqe həm beynəlxalq hüquq normalarına, həm də tarixə əsaslanır".

Dövlət başçısı eyni zamanda, beynəlxalq hüququn bəzi hallarda işləməməsindən şikayətlənib. "Hətta BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsi havada qalıb. Belə olan halda, diplomatik səylərimizi daha da gücləndirməliyik və eyni zamanda, ölkəmizi gücləndirməliyik"
Prezidentin dediyinə görə, Ermənistanın yeni rəhbərliyinin mövqeyi hələ tam aydın deyil. "Bəzi məqamlarda ümidverici fikirlər səslənir, bəzi hallarda yenə də köhnə mövzular ortaya atılır. Nəzərə alsaq ki, Ermənistanda indi ictimai-siyasi vəziyyət sabit deyil, bəlkə, bu da təbiidir. Yəqin ki, yeni rəhbərliyə müəyyən vaxt lazımdır ki, cəmiyyətdə sabitlik yaransın və ondan sonra daha da cəsarətli addımlar atılsın. Ermənistan tərəfindən cəsarətli addımlar atılmasa, münaqişə heç vaxt öz həllini tapa bilməz. Azərbaycandan isə güzəşt tələb etmək əsassızdır. Biz bütün mümkün güzəştləri etmişik, Dağlıq Qarabağa gələcəkdə ən yüksək muxtariyyət statusunu verməyə hazırıq. Bundan böyük güzəşt ola bilməz".

Dövlət başçısı Azərbaycanın son illər beynəlxalq təşkilatlarda uğurlu siyasətinin konkret, praktik nəticələrə gətirib çıxardığını deyib. Cənab Əliyev eyni zamanda, Avropa Şurasında Azərbaycanla bağlı məsələlərin tez-tez müzakirəsinə etirazını bildirib. "Avropa Şurası Parlament Assambleyasında son sessiyalarda Azərbaycanla bağlı məsələ müzakirə olunarkən Avropa deputatları deyib ki, Azərbaycan cəmi 7 ildir ki, təşkilatın üzvüdür, nə üçün 8-ci dəfə Azərbaycan məsələsi müzakirə olunur? Nə üçün Azərbaycanla bərabər, yaxud da ki, hətta ondan daha əvvəl təşkilata üzv olmuş MDB ölkələri belə böyük diqqətə malik deyillər? Nə üçün? Bizə qarşı bəzi hallarda əsassız hücumlar, tənqidlər bütün Azərbaycan xalqını və bizi üzür".

O həmçinin bəzi beynəlxalq təşkilatları Azərbaycana qərəzli məsləhətlər verməkdə ittiham edib.

Prezident enerji təhlükəsizliyi sahəsində Azərbaycanın əməkdaşlığa həmişə hazır olduğunu bəyan edib. "Burada başlanmış və bizim təşəbbüsümüzlə icra olunan layihələr artıq nəinki bizim maraqlarımızı təmin edir və bizə dost olan ölkələrin maraqlarına da xidmət edir".

Onun sözlərinə görə, Azərbaycan q çox böyük neft və qaz hasil və ixrac edən ölkəyə çevrilir. Bu il Azərbaycanda neft hasilatı 50 milyon tondan çox olacaq. Qaz hasilatı haradasa, 20 milyard kubmetrə yaxın olacaq. Bizim zəngin neft-qaz yataqlarımız 100 ildən sonra da Azərbaycanın maraqlarını təmin edəcək və ixrac potensialımızın davam etdirilməsinə imkan yaradacaq. Qaz ehtiyatlarımız minimum 2 trilyon kubmetrdir ki, bu da bizə 100 ildən çox müddətdə kifayət edəcək".

Yeri gəlmişkən bildirim ki, Azərbaycan 160 dövlətlə diplomatik münasibətlər qurub, ölkədə 57 səfirlik, konsulluq və beynəlxalq təşkilatların nümayəndəlikləri var. Xaricdə Azərbaycanın 56 diplomatik nümayəndəliyi, o cümlədən 47 səfirlik fəaliyyət göstərir.

Müxalifət liderləri və müstəqil politoloqlar isə dövlət başçısının dediyi ilə tam razı deyil. Müxalifət ölkənin xarici siyasət kursunu birmənalı uğursuz hesab etsə də müstəqil politoloqlar xalq tərəfindən qəbul edilən sayır.

"Müsavat" partiyasının başqanı İsa Qəmbər hesab edir ki, Azərbaycan xarici siyasəti işğal altında olan torpaqların azad edilməsinə nail olmasa, NATO və Avropa qurumlarına inteqrasiya prosesini dərinləşdirməsə uğurlu ola bilməz.

O Azərbaycanın xarici siyasətində birinci məsələnin Dağlıq Qarabağ problemi olduğunu deyib və hökuməti beynəlxalq təşkilatlar qarşısında götürülən öhdəlikləri yerinə yetirməyə çağırıb.

Müstəqil politoloq İlqar Məmmədov hesab edir ki, xarici siyasət kursu ölkədəki bütün cərəyanları təmsil edir və ictimaiyyət tərəfindən qəbul edilir.