Xarici ölkələrin ali məktəblərində üç min azərbaycanlı təhsil alır 

«Hazırda xarici ölkələrdə 3 mindən çox Azərbaycan vətəndaşı ali təhsil alır». Bu barədə təhsil naziri Misir Mərdanov xarici ölkələrdə təhsil alan tələbələrlə görüşündə bildirib. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları öz hesablarına, müxtəlif ölkə və təşkilatların qrantları hesabına və dövlət hesabına xarici ölkələrdə təhsil alır. "Dövlətlərarası müqavilələrə uyğun olaraq ən çox tələbə Türkiyədə oxuyur. Rusiya, Çin, Misir, Rumıniya, Çexiya, Slovakiya və Yaponiyada da tələbələr oxuyur". M.Mərdanov xaricdə təhsil almaqla bağlı dövlət proqramının da bu ildən icrasına başlandığını deyib. "Hələlik bu proqram üzrə bakalavrdan sonrakı təhsil pillələləri üzrə 25 nəfərin sənədlərini hazırlayıb Maliyyə Nazirliyinə təqdim etmişik ki, dövlət büdcəsindən maliyyələşdirliməsini təmin etsin. Bakalavr pilləsində təhsillə bağlı iş aparırıq. Düşünürük ki, bu il bakalavr pilləsində də Türkiyə, Rusiya, Fransa, Almaniya, Böyük Britaniya və ABŞ-ın nüfuzlu ali məktəblərinə tələbələr göndəriləcək". Nazir xaricdə oxuyan tələbələrin ən böyük probleminin maliyyə ilə bağlı olduğunu bildirib. "Bir çox xarici ölkələrdə təhsil haqqı çox yüksəkdir, hətta ildə 55-60 min dollara çatır". O, xaricdə oxuyan tələbələrin təqaüdlərinin artırılacağını bildirib. "Təqaüdlər ilbəil artırılır. Bundan sonra da artırılacaq". Nazir xarici dövlətlərin təqaüdləri hesabına həyata keçirilən təhsillə bağlı da danışıb. "Doxsanınıcı illərin əvvəlində Türkiyə dövlətinin Azərbaycanla xoş münasibətinin nəticəsində bu ölkəyə min nəfər tələbə göndərdik və acı nəticələrini də gördük. Buna görə də bu ölkəyə ehtiyaclara uyğun olaraq tələbə göndəririk. Bu il Türkiyə dövlətinin hesabına 150 tələbə bu ölkədə təhsil alacaq. Bunlar təhsilin müxtəlif pillələrində oxuyur. Eyni addımı digər dövlətlərə münasibətdə də atırıq". Onun sözlərinə görə, təhsil müəssisələrinin yataqxanalarının əksəriyyəti məcburi köçkünlər tərəfindən neçə illərdir ki, tutulub. Bu səbəbdən də tələbələrin hamısını yataqxana ilə təmin etmək mümkün deyil. M,Mərdanov Təhsil Nazirliyinin məcburi köçkünləri yataqxanalardan zorla çıxarmaq fikrində olmadığını bildirib. "Ümid edirik ki, gələcəkdə dövlət proqramına uyğun olaraq məcburi köçkünlər öz daimi yaşayış yerlərinə və ya prezidentin fərmanına uyğun olaraq salınan qəsəbələrə köçürüldükdən sonra həmin yataqxanaların təmiri başlaya bilər. Yalnız bundan sonra həm öz tələbələrimizin, həm də xarici ölkələrdən olan tələbələrin yataqxanalarda yerləşdirilməsi mümkün olacaq». Nazir Azərbaycan prezidenti qəza vəziyyətində olan 21 məktəbin yenidən qurulması üçün öz fondundan 14 miloyn manat vəsait ayırdığını deyib. «Sərəncama qədər dövlət büdcəsindən həmin məktəblərin cari təmiri üçün 3 milyon 330 min manat ayrılmışdı və işlər başlanmışdı. 21 məktəbin hamısında bu ilin sonunadək təmir bərpa işləri başa çatdırılacaq. Dövlət başçısı həmçinin Dövlət Musiqi Akademiyasının əsaslı təmiri və avadanlıqla təminatı ilə bağlı öz fondundan 7 milyon manat ayırdıb». M.Mərdanov bu ilin sonunadək 200 yeni məktəb və ya məktəblərin yanında yeni korpusların tikintisi başa çatdırılacağını diqqətə çatdırıb. «Nəzərdə tutulan bütün məktəblərdə təmir başa çatdıqdan sonra, onlar avadanlıqla təmin ediləcək və kompyuterləşdiriləcək». Onun sözlərinə görə, yeni dərsliklərin 90 faizi yerlərə çatdırılıb. 10 faizi isə bu ayın sonunadək yerlərə çatdırılacaq «Qadın müəllimlərin dərsə xüsusi geyimdə girməsi ilə bağlı deyilənlər düşünülməmiş addımdır. Biz qəti belə düşünmürük. Müəllim adı elə yüksəkdir ki, onun geyim formasından heç zaman söhbət gedə bilməz». Bu barədə də nazir Misir Mərdanov bildirib. Onun sözlərinə görə, nazirliyin əsas ideyası bu ildən məktəbli formasına keçidin başlanmasıdır. "Bu ilin sonunadək məktəbli formasına keçidlə bağlı müzakirələr aparılacaq. Ümumi qərara gəlinərsə gələn ildən məktəbli formasına keçiriləcək. Müzakirələr başa çatmasa isə müddət bir il də uzadılacaq". Nazir "Əlifba" kitabının ləğvinə dair yayılan məlumatları təkzib edib. "Biz Əlifba və Ana dili dərsliklərini birləşdiririk. Dünyanın heç bir ölkəsində ayıca "Əlifba" dərsiliyi yoxdur".