HARAY-ın qonağı Prof. Vaqif Sultanlıdır


Harayın qonağı Bakı Dövlət Universitetinin professoru Vaqif Sultanlıdır.
O bildirib ki, İranda siyasi sahədə olduğu kimi mədəni mühitində də Azərbaycan ədəbiyyatı, türk faktoru daim sıxışdırılır. İranda dərc edilmiş tarix və ədəbiyyat kitablarında hər hansı xalqın, o cümlədən də Azərbaycan xalqının tarix və ədəbiyyatından bəhs olunmur. Kitablarda İran ədəbiyyatı, İran mədəniyyəti tarixi anlayışları var. Bu isə dolayısı ilə fars tarixinə, fars ədəbiyyatına və fars mədəniyyətinə xidmət edir. Azərbaycanın güneyində. İran adlanan ölkədə məktəblər üçün çap olunan dərsliklərdə, müxtəlif tədqiqatlarda, araşdırmalarda Azərbaycan faktorundan bəhs olunmur və bu faktor unutdurulmağa çalışılır. Amma əslində İran mədəniyyətinin, ədəbiyyatının böyük bir qismini Azərbaycan türkləri yaradıb, İran tarixinin əsası azərbaycanlılarla bağlıdır.
Alim hesab edir ki, İranda islam siyasi mahiyyət daşıyır və imperiya siyasətinə xidmət edir. İslamın siyasi motiv daşıması İranda yaşayan xalqların, o cümlədən azərbaycanlıların varlığının unutdurulmasına xidmət edir. Şəhriyar kimi məşhur şairi İran şairi kimi təqdim etməyin mənası yoxdur. Hamı Şəhriyarı Azərbaycan türk şairi kimi tanıyır, o azərbaycanlıdır. İran şairi kimi təqdim edilən Xətib Təbrizi, Qövsü Təbrizi, sahib Təbrizi və digər ədiblərin əksəriyyəti Azərbaycan türkləridir. Şah İsmayıl Xətai də İran sənətkarı kimi təqdim edilir. Dünyada hər kəs bilir ki, Xətai Azərbaycanın tarixi şəxsiyyətidir. Hətta Azərbaycanın qüzeyində anadan olmuş və təxəllüslərində şəhərləri möhürlənmiş Nizami Gəncəvi, Xəqani Şirvani də İran ədəbiyyatında İran şairi kimi verilir.
Cənab Sultanlı Azərbaycan respublikasında Azərbaycan ədiblərinin əsərlərinin çapı, onların əsərlərinin tədqiqi ilə bağlı çoxsaylı işlərin görüldüyün bildirib. Bu sahədə Milli Elmlər Akademiyasında şöbələr fəaliyyət göstərir. Amma Akademiyanın nəzdində Cənubi Azərbaycanla bağlı ayrıca tədqiqat institutunun açılması vacibdir.