ABŞ-ın Azərbaycanın demokratik dövlət kimi uğurlu inkişafında güclü marağı var

Xəzər-Avropa İnteqrasiya İşgüzar klubu Amerika, Xəzər-Qara dəniz və Baltik regionundan olan şirkətlərin iqtisadi əməkdaşlığının perspektivləri mövzusunda dəyirmi masa keçirib. Tədbirdə Amerikanın Azərbaycandakı səfiri Enn Dersi iştirak edib.
Kluba 500-dən çox şirkət daxildir. Quruma Azərbaycan, Qazaxıstan, Rusiya və Türkiyə energetika nazirləri rəsmi sədrlik edir. Klubun baş icraçı direktoru Telman Əliyev bildirib ki, qurum qeyri-neft sektorunun inkişafı və biznes sahəsində əlaqələrin genişlənməsinə kömək edən müzakirələr təşkil edir.
Səfir Enn Dersi deyib ki, ABŞ-ın Azərbaycanın müstəqil, təhlükəsiz, tərəqqili və demokratik dövlət kimi uğurlu inkişafında güclü marağı var. Amerika Azərbaycanın güclü regional lider dövlət kimi inkişafını dəstəkləyir. “Bu səbəbdən biz Azərbaycanla geniş səpkidə təmsil olunan enerji, təhlükəsizlik, siyasi və iqtisadi islahatlar və xalqlar arası əlaqələr kimi maraqlar üzərində yaxından əməkdaşlıq edirik. Biz enerji, regional və qlobal təhlükəsizlik məsələləri də daxil olmaqla mühüm sahələrdə olan baxışlarımızı və maraqlarımızı bölüşürük”.
Səfirin fikrincə, bu gün güclü Amerika-Azərbaycan tərəfdaşlığı həmişə olduğundan daha vacibdir. “Dünyanın bütün dövlətləri qlobal iqtisadi böhran ilə üzləşir. Gürcüstanın məruz qaldığı müdaxilə və işğal Qafqazda regional sabitlik və təhlükəsizlikliyə dair yeni sualları gündəmə gətirib. Bu kimi iqtisadi və siyasi qeyri-müəyyənlik şəraitində ABŞ müxtəlif qarşılıqlı maraqlar sahəsində Azərbaycanın güclü tərəfdaşı olaraq qalmaq niyyətindədir. Birləşmiş Ştatlar və Azərbaycanın iqtisadi sahədə olan fəaliyyətlərinin uzun müddətli tarixi var. Biz Azərbaycanın müstəqilliyinin ilkin günlərindən bəri Bakı-Tiflis-Ceyhan və Bakı-Tiflis-Ərzurum boru xətlərinin inkişafı üzərində birgə işləmişik. Bu boru xətləri Azərbaycanın və Xəzərin enerji ehtiyatlarını dünyaya mövcud edib. Boru kəmərləri həmçinin Azərbaycanın parlaq iqtisadi gələcəyini və dövlətin müstəqil gələcəyini təmin etmişlər. Bu gün Azərbaycanın və Xəzərin qaz ehtiyatlarının müstəqil tərzdə dünya bazarlarına çıxarılması üçün yeni boru xətlərinin inkişafı üzərində işlədiyimiz bir vaxtda zaman bizim enerji sahəsində olan əməkdaşlığımız davam etməkdədir”.
O Amerikanın iqtisadi əməkdaşlığının fokusunun iki vacib sahəyə yönəldiyini diqqətə çatdırıb.”Onların birincisi Azərbaycana müasir, müxtəlifliyi ilə seçilən, bazar iqtisadiyyatı prinsipləri üzərində qərarlaşan və güclü qeyri-neft sektoruna malik dünya standartlarına uyğun biznes mühiti olan iqtisadiyyatın inkişafında davamlı yardım etməkdir. İkincisi isə Azərbaycanla güclü kommersiya əlaqələrinin yaradılması sahəsidir”.
Xanım Dersi deyib ki, körpülər, yollar, su kəmərləri, elektrik stansiyaları və telekommunikasiya kimi infrastruktur obyektləri iqtisadi artımın və inkişafın vacib zəminini təşkil edir. “Mən Azərbaycan hökumətini Azərbaycanın fiziki infrastrukturlarının inkişafında əldə etdiyi nailiyyətlərə görə təbrik edirəm. Lakin digər infrastruktur - müasir qanunlar, iqtisadi və kommersiya fəaliyyətini tənzimləyən qaydalar və təsisatlar, eyni tərzdə vacibdir. Qlobal təcrübə onu göstərir ki, məhz müasir qanunvericiliyə, qaydalara və təsisatlara malik olan iqtisadiyyatlar müvəffəqiyyətə nail olaraq inkişaf edir.
Bu inkişaf isə məhz biznesi ədalətli, açıq və şəffaf mühitlə təmin etmək bacarığının sayəsində mümkündür.
Belə bir mühitdə biznes dairələri öz əmlak hüquqlarını qoruya bilir, riskləri dəqiq qiymətləndirə və mənfəəti dəqiq hesablaya bilir. Belə mühitin mövcud olmadığı və ya zəif olduğu halda inhisarlar, korrupsiya və səmərəsizlik iş yerlərinin yaradılmasına, iqtisadi artım və inkişafa maneə törədir.”
Səfir bildirib ki, həm xarici, həm də yerli işgüzar insanlar Azərbaycanda bizneslə məşğul olmaq üçün ən böyük çatışmamazlıq kimi korrupsiyanın yüksək səviyyədə olmasını və bu səbəbdən biznes mühitində qeyri-müəyyənliyin hökm sürdüyünü deyir. Belə problemlərin islahat vasitəsilə çözülməsi asan deyil, lakin bu kimi işin nəticəsi çox xeyirlidir.
Onun fikrincə, iki ölkə arasındakı əməkdaşlığın nəzər diqqətindəki məsələlərdən birinin də Azərbaycanın Ümumdünya Ticarət Təşkilatının (ÜTT) üzvü olmasının dəstəklənməsidir. “İlk öncə, kiçik ölkə üçün ÜTT-nin üzvlüyü xarici bazarlar və beynəlxalq kommersiyadan yararlanmaq üçün ən tez olan yeganə yoldur. Vahid qaydalar toplumuna və mübahisələrin həlli üçün aydın mexanizmə malik olan bu təşkilatda bütün üzvlər bərabərdir. ÜTT-nin əsas prinsipləri ayrı seçkiliyə qarşı çıxır və şəffaflığı təmin edir”.
Səfirin dediyinə görə, Ümumdünya Ticarət Təşkilatı sistemində kiçik dövlətlər öz ixrac mallarının himayəsini əldə edir. “Təşkilatın qaydalarına əsasən kiçik ölkələr onların xarici bazarlara çıxarılmış mallarına qarşı nümayiş olunan ayrı seçkiliklə mübarizə apara bilər və ÜTT-nin mexanizmindən istifadə edərək böyük dövlətlərlə mübahisəli vəziyyətlərdən qələbə ilə ayrıla bilər. İkincisi, Ümumdünya Təşkilatına üzv olmaq dövlətin daxilinə də vacib xeyirlər gətirir. Təşkilatın qaydaları kiçik və orta bizneslərlə daxil olmaqla bütün bizneslər üçün bərabər şəraitin yaradılmasını tələb edir və bu iqtisadi inkişafa maneə yaradan inhisarları aradan qaldırmağa kömək edir. ÜTT-də üzvlük Azərbaycanın qeyri-neft sektorunun inkişafına təkan verəcək və həmçinin daha çox kommersiya, artım, iş, regionda inkişaf və yaşayış standartları imkanlarını təqdim edəcək”.
Xanım Dersi Ümumdünya Ticarət Təşkilatı üzvlük tələblərinə uyğunluğun təmin olunması üçün dəyişikliklərin tətbiqini vacib sayır. “Bu iş Parlament də daxil olmaqla hökumətin davamlı səyi və biznes dairələrinin dəstəyini tələb edir. Son illərdə Azərbaycan ÜTT-yə üzv olması sahəsində təqdirəlayiq irəliləyişə nail olub. Amerika Birləşmiş Ştatları Azərbaycanın bu səyini dəstəkləyən güclü tərəfdaş qalacaq”.
O bildirib ki, ABŞ və Azərbaycan iqtisadi layihələrdən əlavə həmçinin ikitərəfli iqtisadi əməkdaşlığın genişlənməsi, ticarətin və investisiyaların inkişafı məqsədilə İqtisadi Tərəfdaşlıq Komissiyası çərçivəsində də əməkdaşlıq edir. “2007-ci ildə yaradılmış İqtisadi Tərəfdaşlıq Komissiyası bizim dövlətlərin yüksək səviyyəli hökumət rəsmilərinin bir araya gəlib ikitərəfli iqtisadi münasibət və siyasətlərin, həmçinin qlobal iqtisadi məsələlərin müzakirəsi məqsədinə qulluq edir. Perspektivli olan Komissiya artıq müəyyən nəticələr əldə edib. Çox vacibdir ki, Komissiyanın Vaşinqtonda baş tutan bu ilki görüşündə ABŞ Azərbaycanın Ümumiləşdirilmiş Prefensiyalar Proqramina daxil olunmasına razılıq verib. Bu əsasən qeyri-neft sektorundan olan azərbaycanlı ixracçılara, misal üçün aşağı tariflər kimi, ən əlverişli ticarət şəraitindən faydalanmağa imkan yaradır. ABŞ həmçinin ikitərəfli kommersiya əlaqələrinin inkişafı üçün Bakıda Kommersiya Departamentinin açılmasına razılıq verib. Bununla yanaşı biz digər sahələrdə də - kənd təsərrüfatından tutmuş telekommunikasiya və çirkli pulların yuyulmasına qarşı mübarizə kimi – addımlar atmışıq.2
Litvanın Azərbaycandakı səfiri Kestuts Kudmanas deyib ki, ölkəsi Ticarət Təşkilatına daxil olduqdan sonra milli istehsal və bazar iqtisadiyyatı inkişaf edib. “Hazırda Litva 30 milyard dollarlıq mal ixrac edir. Əməkdaşlıq yeni texnologiyalar üçün yollar açır. Ticarət Təşkilatına üzv olduqdan sonra ölkəyə yeni texnologiyalar və investisiyalar sürətlə daxil oldu. Tez bir zamanda mebel, dərman, İnformasiya Kommunikasiya Texnologiyaları və digər sənaye sahələri inkişaf etdi. Gömrük sistemində qayda-qanun yaradıldı. Hansı ki, bundan öncə Litva iqtisadiyyatının rəqabətə davam gətirməyəcəyi ilə bağlı bəyanatlar səslənirdi.”