Türkiyədə keçirilən parlament seçkiləri və seçkilərin nəticələri Azərbaycanda çox müsbət qarşılanıb. İstər ictimaiyyət, istər iqtidar, istər müxalifət, isətrəsə də müstəqil ekspertlər seçkiləri birmənalı təqdir edir. Azərbaycan prezidenti İlham Əliyevin təbrikində deyilir ki, son dərəcə demokratik və şəffaf şəraitdə keçirilmiş seçkilərdə Ədalət və İnkişaf partiyasının qazandığı səslər qardaş Türkiyənin yüksəlişi yolunda həyata keçirilən uzaqgörən siyasətə, çoxşaxəli fəaliyyətə xalq tərəfindən verilən yüksək qiymətin, böyük dəstəyin ifadəsidir.
Azərbaycan Prezidentinin İcra Aparatının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov Ədalət və İnkişaf partiyasının qələbəsinin Azərbaycan Tyürkiyə əlaqələrinin inkişafına təkan verəcəyini deyir.
Müxalifətdə olan siyasi partiyalar isə Türkiyədə keçirlən azad və demokratik seçki təcrübəsinin Azərbaycan üçün nümunə olacağı arzusu ilə yaşayır. «Müsavat» partiyasının sədr müavini Qabil Hüseynli hesab edir ki, Türkiyə seçki pratkikası region dövlətləri üçün təkmil bir seçki dərsinə çevrilməlidir.
Cənab Hüseynlinin fikrincə, Türkiyənin yeni qurulacaq hökuməti birinci seçki dövründən sonra Azərbaycanla yaranmış yaxşı və rəvan münasibətləri daha da dərinləşdirəcək.
Müstəqil politoloq Rasim Musabəyov hesab edir ki, Türkiyədə parlament seçkilərində xalq stabilliyə səs verib və ölkədəki siyasi böhran siyasi yolla aradan qaldırılıb.