Avropa Şurası Azərbaycanda insanların sərbəst toplaşması zamanı polisin vəzifəsi mövzusunda seminar keçirir 

Avropa Şurasının İnsan Hüquqları Direktorluğu və Azərbaycan Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Demokratik ölkələrdə hüquq mühafizəsi" məsələlərinə həsr olunmuş ikigünlük seminar açılıb. Seminarın əsas müzakirə mövzusu əhalinin sərbəst toplaşmaq azdalığının təmin edilməsi zamanı polisin hüquq və vəzifələri olub. Avropa Şurasının İspaniyadan olan ekperti Eduardo Penan bildirib ki, polis dinc nümayişçilərə qarşı güc tətbiq edə bilməz və başlanğıc nöqtəsi kimi heç zaman qüvvə işlədilə bilməz. "Fiziki qüvvənin və silahın işlənməsi üçün mütləq qanuni əsas olmalıdır. Gücdən və silahdan yalnız əlahiddə hallarda istifadə etmək olar, bu isə polisin üzərinə xüsusi məsuliyyət qoyur. Silahdan və gücdən istifadədən öncə mütləq xəbərdarlıq edilməli və xəbərdarlıq atəşi açılmalıdır". Onun sözlərinə görə, polis gücdən istifadə etdiyi halda belə insanların fundamental azadlıqları olan dinc toplaşmaq, düşünmək, fikrini azad ifadə etmək, dini etiqad azadlıqlarını məhdudlaşdıra bilməz. "Bu azadlıqlar olmadan demokratiya yoxdur. Polis bütün hallarda insanlara qarşı münasibətdə siyasi, milli, etnik, cinsi, yaş ayrıseçkiliyinə yol verə bilməz"-deyə o qeyd edib. Daxili İşlər nazirliyinin baş ictimai təhlükəsizlik idarəsinin rəis müavini Bağır Bağırovun fikrincə, Avropa ölkələrində mitinq taktikası ilə Azərbaycan arasında fərq böyükdür. O hesab edir ki, Azərbaycan qanunvericiliyində də kütləvi aksiya iştirakçılarına qarşı münasibətdə Avropa qanunvericiliyi ilə fərqlər mövcuddur. Cənab Bağırovun sözlərinə görə, polis güc tətbiq edəndə insanların başına və digər həyat üçün əhəmiyyətli orqanlarına zərbə endirə bilməz. O son mitinqlər zamanı belə hərəkətlərə yol verənlərin vəzifəsindən uzaqlaşdırıldığını bildirib. Avropa Şurasının İnsan Hüquqları direktorluğunun proqram rəhbəri Devid Çupina müxalifətin son mitinqində polisin hərəktlərinin İnsan Hüqularına dair Avropa Konvensiyasına ziddiyyət təşkil etdiyini diqqətə çatdırıb. «Bu çox aydındır ki, seçkilərdən sonra keçirilən son mitinq zamanı polisin hərəkətləri Avrorpa İnsan Hüquqları Konvensiyasına uyğun gəlmir. Bu məsələni Avropa İnsan Haqları məhkəməsi araşdırmalıdır. Biz də seminar çərçivəsində bunalara aydınlıq gətirəcəyik»-deyə o qeyd edib.