Məhkəmə həbsdə olan blogerlərin iddiasını təmin etməyib


Bakı şəhəri Səbail rayon məhkəməsində hakim Nurəddin Bağırovun sədrliyi ilə keçirilən məhkəmə iclasında həbsdə olan blogerlər Emin Milli və Adnan Hacızadənin Daxili İşlər Nazirliyi və Baş Prokurorluğa qarşı iddiası təmin edilməyib. İddia bu qurumlar tərəfindən blogerlərin təqsirsizlik prezumsiyasının pozulması ilə əlaqədar verilib. Daxili İşlər Nazirliyi və Respublika Prokurorluğunun iki bəyanatında blogerlərin təqsirindən danışılıb, halbuki, onları yalnız məhkəmə təqsirli elan edə bilər.
Blogerlər Emin Milli və Adnan Hacızadə bloqlarında “Eşşəyin mətbuat konfransı” adlı tənqidi məzhəkə yerləşdirdikdən sonra kafelərin birində hücuma məruz qalıb. Gənclər zərərçəkən kimi hüquq-mühafizə orqanlarına müraciət edib və əksinə, təqsirli kimi tanınaraq barələrində həbs qəti imkan tədbiri seçilib.
Səfirliklərin, beynəlxalq təşkilatların nümayəndələri və jurnalistlərin xahişinə baxmayaraq bugünkü məhkəmə qapalı keçirilib. Almaniyanın Azərbaycandakı səfirliyinin 3-cü katibi Tomas Vek bildirib ki, Avropada və dünyanın demokratik ölkələrində məhkəmənin qapalı keçirilməsi qəbul edilmir. Qapalılıq nəyisə gizlətmək cəhdidir.
“Almaniya hökumətinin blogerlərin həbsinə münasibəti bəllidir. Almaniyanın İnsan haqları üzrə müvəkkili Azərbaycana gəlib və onun blogerlərlə görüşünə imkan verilməyib. O şəxsən həbs prosesinin şahidi olub. Hazırda Almaniyanın insan haqları üzrə nümayəndəsi Avropanın insan haqları üzrə strukturlarına müraciət edib və diqqətlə baş verənləri izləyir” - deyə cənab Vik qeyd edib.
Vəkil İsaxan Aşurov hesab edir ki, məhkəmənin qapalı keçirilməsi Azərbaycanın beynəlxalq öhdəlikləri ilə ziddiyyət təşkil edir. Bu mülki işdir və materiallarda dövlət sirri yoxdur.
Vəkil Elton Quliyev məhkəmənin qərarını və istintaqın gedişini qərəzli qiymətləndirir. Onun fikrincə, istintaq əslində zərərçəkmiş blogerləri təqsirli kimi günahlandırmağa yönəlib.
Vəkil İsaxan Aşurovun dediyinə görə, blogerlər istintaqın birtərəfli və ədalətsiz araşdırmasına etiraz olaraq ifadə verməkdən imtina edib. Vəkil blogerlərə qarşı baş verən ədalətsizliklərlə bağlı Avropa İnsan haqları Məhkəməsinə müraciət ediləcəyini xatırladıb.
Vəkil həmçinin blogerlərin ailə üzvləri və dostları ilə görüşmək üçün imkan yaradılmamasını da qanuna zidd hesab edir. Artıq Adnan Hacızadənin valideynləri bu qanun pozuntusu ilə bağlı Səbail rayon məhkəməsinə müraciət edib.