Azərbaycanda jurnalist böhtan ittihamı ilə həbs edilib

Bakının Yasamal rayon məhkəməsi hakim Tahir İsmayılovun sədrliyi ilə “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin bir il azadlıqdan məhrum edib. Baş redaktor məhkəmə zalında həbs edilib.
Jurnalist barəsində Azərbaycan Beynəlxalq Universitetinin rektoru Elşad Abdullayev Cinayət Məcəlləsinin böhtan maddəsi ilə iddia qaldırıb.
Cənab Mərzilinin həyat yoldaşı Yasəmən Məmmədova “Amerikanın səsi” radiosuna bildirib ki, “Təzadlar” qəzeti Beynəlxalq Universitetdə qanunsuzluqlar, testdən kənar tələbə qəbulu və saxta diplomlar verilməsi ilə bağlı məqalələr dərc edib. Həmin məqalələrdə təhqir və böhtandan söhbət gedə bilməz.
O məhkəmənin qərarından apelyasiya şikayəti verəcəklərini deyib. Xanım Məmmədova hesab edir ki, məhkəmə həddən çox ağır cəza kəsib. Sadəcə cərimə və ya xəbərdarlıqla da kifayətlənmək olardı. Baş redaktor iddianı əsassız hesab edib və məhkəmədə sübut edilməyəcəyinə əmin olduğundan vəkil belə tutmayıb
Məhkəmə müstəqil jurnalist Zümrüd Məmmədovanı ittiham edib. Jurnalistə 6 ay icbari cəza kəsilib. O qəzetin əməkdaşı deyil, sadəcə “Təzadlar”a müsahibə verib. Zümrüd Məmmədova məhkəmənin qərarını azad sözün cəzalandırılması kimi qiymətləndirir.