Azərbaycanda rabitə xidmətlərinin qiymətləri dəyişib    

İqtisadi inkişaf naziri Heydər Babayev Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının bu həftə keçirilmiş iclasının qərarlarını açıqlayıb. Nazir bildirib ki, 4 sahə üzrə qərar qəbul edilib.

«Şuranın qərarına əsasən Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi tərəfindən göstərilən xidmətlərin sayı azaldılaraq 14-dən 7-yə endirilib, Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyinin balansında olan bağ sahəsi üzrə tətbiq olunmaqla xidmət qiymətləri 9-28 manat arasında müəyyənləşdirilib. Nazirlər Kabineti yanında Dövlət Dəniz Administrasiyası tərəfindən Azərbaycan Respublikasının bayrağı altında üzən gəmilərin (kiçik həcmli gəmilər istisna olmaqla) dövlət qeydiyyatı və dövlət reyestrini aparmaq, habelə gəmi sənədlərinin, dənizçi pasportlarının və ixtisas şəhadətnamələrinin (diplomların) verilməsi xidmətlərinin tariflərinə də baxılmıb. Müzakirələr nəticəsində 40-a qədər xidmətlərin 3 maddə üzrə birləşdirilməsi qərara alınıb. Ümumilikdə isə, ilk dəfə tətbiq olunan bu xidmətlərin sayı 17 olmaqla tariflər 10 manatdan 3200 manata qədər dəyişir. Tariflərin ən yüksək həddi limanlara şəhadətnamələrin verilməsində tətbiq ediləcəkdir və birdəfəlik xarakter daşıyır».

Heydər Babayev bildirib ki, əhali qrupu üçün telefondan istifadəyə görə aylıq abunə haqqı 2 manat müəyyənləşdirilib, respublika daxilində şəhərlərarası danışıqların bir dəqiqəsi üçün haqq 9 qəpikdən 7 qəpiyə endirilib. Bütün kateqoriyalardan olan abunəçilər üzrə beynəlxalq telefon danışıqlarının bir dəqiqəsi üçün isə tariflər aşağıdakı kimi qəbul edilib: "MDB və Baltikyanı ölkələr üzrə hər dəqiqə üçün 45 qəpikdən 36 qəpiyə; İran, Türkiyə , Pakistan – 54 qəpikdən 45 qəpiyə; Avropa ölkələri üzrə - 72 qəpikdən 54 qəpiyə; ABŞ və digər ölkələr üzrə isə 90 qəpikdən 54 qəpiyə endirilib».

Yeni qəbul olunmuş tariflər iyunun 1-dən qüvvəyə minəcək.