Azərbaycan Tacikistana investisiya qoymaqda maraqlıdır

Tacikistan prezidenti İmomali Rahmonun Azərbaycana iki günlük rəsmi səfəri başlayıb. Prezidentlər əvvəlcə təkbətək, sonra isə geniş tərkibdə görüşlər keçirib. İki dvölət arısnda iqtisadi, siyasi, elm, təhsil və informasiya texnologiyaları sahələrini əhatə edən 9 sənəd imzalanıb. İmzalanma mərasimindən sonra keçirilən mətbuat konfrnasında prezildent İlham Əliyev Azərbaycanın Tacikistanda investisiya layihələrinə maraq göstərdiyini bildirib. «Biz qarşılıqlı maraq doğuran məsələlərlə bağlı çox əsaslandırılmış fikir mübadiləsi apardıq. İqtisadi inteqrasiya baxımından fəaliyətimizin əlaqələndirilməsi barədə razılaşdıq, regional əməkdaşlıq və regional təhlükəsizlik sahəsində müzakirələr apardıq. Yaxın zamanlarda neft-qaz sahəsində əməkdaşlıq imkanlarının öyrənilməsi üçün Azərbaycan Dövlət Neft Şirkətinin mütəxəsislərinin Tacikistana göndərilməsi haqda razılıq əldə etdik. Azərbaycan Tacikistanın neft sektoruna, həmçinin digər sahələrə kapital qoymaq üçün maliyyə və texniki imkanlara malikdir. Konkret vəzifələri hökumətlərarası komissiya müəyyən edəcək» - deyə o qeyd edib. Cənab Raxmon isə iki ölkə arasında mal dövriyyəsinin yaxın 5-7 ildə 500-700 mln. dollara çatdırmaq imkanları olduğunu bildirib. «Hesab edirəm ki, biz dostluq əlaqələrini, səmimi dostluğu bərpa etməlyik. Ölkələrimiz arasında hər hansı problem, o cümlədən siyasi problem mövcud deyil. Hələ sovet dövründə geoloji kəşfiyyat işləri Tacikistanın yeraltı sərvətlərində karbohidrogen olduğunu göstərmişdi. İndi Düşənbə bu sahədə zəngin təcrübəyə malik Azərbaycan geoloqlarının köməyinə ehtiyac duyur». Tacikistan prezidentinin fikrincə, əlvan metallurgiya sahəsində əməkdaşlığın genişlənməsi üçün də potensial var. «İndi Gəncə gil-torpaq kombinatı Tacikistana 300 min tona yaxın gil-torpaq məmulatları göndərir. Azərbaycandan əlvan metallurgiya üçün digər resursların göndərilməsi, həmçinin əks istiqamətdə Azərbaycanın alümin sənayesi üçün komponentlərin ixracı haqqında razılıqlar əldə olunub». Danışıqlar zamanı həmçinin iki ölkənin beynəlxalq təşkilatlarda qarşılıqlı fəaliyyəti, regional təhlükəsizlik məsələləri, Qarabağ münaqişəsinin nizamlanması, terrorçuluğa, narkotrafikə və transmilli cinayətin digər növlərinə qarşı mübarizədə əməkdaşlıq perspektivləri müzakirə olunub. Tərəflər siyasi münasibətlərin inkişafından da razılıq ifadə edib. Prezident İlham Əliyev yaxın zamanda Düşənbədə Azərbaycan səfirliyinin açılacağını bildirib. Bununla yanaşı, müstəqil politoloqlar Azərbaycan- Tacikistan əlaqələrinin inkişafının elə də böyük perspektivini görmür. Politoloq Rasim Musabəyovun fikrincə, Tacikistan prezidentinin səfəri və imzalanmış sənədlər iki dövlət arasında nəticə verəcək böyük prioritet münasibətlər üçün əsas vermir. Politoloq eyni zamanda, iqtisadi əlaqələrin inkişafında yüksəlişin olacağına inanır. Onun sözlərinə görə, Azərbaycan Tacikaitanda investisiya maraqlarına malikdir, Tacikistan isə Azərbaycanla metallurgiya sahəsində əməkdaşlıqda maraqlıdır. Tacikistan narkotik tranzitində məşhur və mütəşəkkil cinayəkar dəstələrin daha çox gizləndiyi Əfqanıstanla həmsərəddir. Cənab Musabəyov hesab edir ki, bu baxımdan terrorizmin və mütəşəkkil cinayətkarlıqla məşğul olan qrupların yayılmasının qarşısının alınmasında iki dövlətin əməkdaşlığı faydalıdır.