ABŞ Dövlət Departamentinin Xəzərdə energetika diplomatiyası üzrə koordinatoru Stiven Mann Azərbaycana səfəri zamanı Xəzərdən və Mərkəzi Asiyadan karbohidrogen ehtiyatlarının Avropaya daşınması məsələlərini müzakirə edib.
Azərbaycan Sənaye və Energetika nazirliyinin mətbuat xidmətinin məlumatına görə, nazir Natiq Əliyevlə ABŞ Dövlət Departamentinin Xəzərdə energetika diplomatiyası üzrə koordinatoru Stiven Mannla görüşü zamanı energetika təhlükəsizliyi, Xəzər hövzəsində karbohidrogen resurslarının dünya bazarlarına çıxarılması, dünyada neftin və qazın qiymətlərinin artımı tendensiyası məsələləri müzakirə edilib.
Məlumatda deyilir ki, cənab
Mann Vaşinqtonun Mərkəzi Asiyanın enerji resurslarının Avropaya Azərbaycan
ərazisindən nəqli haqda danışıqları intensivləşdirməyi vacib sayır. "ABŞ
hökuməti Azərbaycan və Türkmənistan arasında bu istiqamətdə başlamış dialoq və
əməkdaşlığı dəstəkləmək üçün müvafiq tədbirlər görür. Vaşinqton Aşxabadla fəal
işləyir və Türkmənistanın ixrac marşrutlarını müxtəlifləşdirərək, həm də
Nabucco layihəsində iştirak etməsinə çalışır"-deyə o qeyd edib.
Cənab Əliyev Azərbaycan və Türkmənistanın 9-11 sentyabr 2008-ci
ildə Bakıda energetika məsələlərinə həsr edilmiş birgə sərgi-konfrans
keçirəcəyini bildirib. Nazir hesab edir ki. bu konfrans iki ölkənin əməkdaşlığı
üçün yeni istiqamətlər müəyyənləşdirə bilər.