Bakıda IV Enerji Sammiti keçirilib

Bakıda beynəlxalq enerji təhlükəsizliyi problemlərinə həsr olunmuş IV Enerji Sammiti keçirilib. Sammitdə iyirmidən çox ölkə və beynəlxalq təşkilat. O cümlədən Azərbaycan, Türkiyə, Polşa, Ukrayna, Gürcüstan, Litva prezidentləri, Estoniya, Macarıstan, Bolqarıstanın baş nazirləri, ABŞ-ın energetika naziri, Avropa İttifaqının enerji məsələləri üzrə komissarı iştirak edib.
Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanın neft-qaz resurslarının Avropa bazarlarına çıxarılması tarixi hadisə adlanırıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Supsa, Bakı-Tbilisi-Ərzurum layihələrinin reallaşmasını xatırladan prezident bildirib ki, indi daha bir neçə yeni layihə üzərində iş gedir. “Biz Odessa-Brodı-Plotsk-Qdansk layihəsini müzakirə edirik. Layihənin texniki əsaslandırılması başa çatdırıldıqdan sonra Xəzərin enerji daşıyıcıları bu yeni marşrutla Avropa bazarlarına çıxarılacaq. Bu, Xəzər, Qara dəniz və Baltik dənizi regionlarında yerləşən ölkələrin əməkdaşlığına yeni təkan verəcək”. Xəzər neft və qaz ehtiyatlarından danışarkən cənab Əliyev bildirib ki, müstəqilliyin ilk illərində Azərbaycanda ildə 10 milyon ton neft hasil edilirdisə, hazırda bu rəqəm 50 milyon tona çatmışdır. “Bizim dünyanın aparıcı şirkətləri ilə yaxşı əməkdaşlığımız var, bütün işlər tərəfdaşlıq çərçivəsində həyata keçirilir və bu, geniş işbirliyi üçün yeni imkanlar açır”. Gürcüstan prezidenti Mixail Saakaşvili bildirib ki, Rusiyanı Gürcüstana qarşı təcavüzünün məqsədi enerji obyektlərini - boru kəmərlərini, terminalları, dəmir yollarını, körpüləri təhlükə altına almaq idi. “Rusiya 2013-cü ilə qədər regionun enerji resursları üzərində nəzarəti ələ almağa çalışır. Biz əməkdaşlığın əleyhinə deyilik, ancaq biz inhisarçılıqdan istifadə edərək siyasi üstünlük əldə olunmasının əleyhinəyik. Gürcüstan enerji axınlarının müxtəlifləşdirilməsinin tərəfdarıdır və Nabucco qaz kəməri və Odessa-Brodı-Qdansk neft kəməri layihələrini dəstəkləyir”. Litva prezidenti Valdas Adamkus “Nabucco layihəsinə ciddi yanaşmanı əsaslandırmaq” məqsədilə Avropa Birliyini xüsusi toplantı keçirməyə çağırıb. “Qaz sahəsində inhisarçılıq yolverilməzdir. Biz nef və qazı siyasi təzyiq vasitəsi kimi deyil, adi əmtəə kimi görmək istəyitrik”- deyə o qeyd edib. Polşa prezidenti Lex Kaçinski cənub qaz kəməri dəhlizinin istiqamətinin şimal-qərbə də dəyişdirilməsinə” işarə edib. O, Avropa İttifaqını bu layihələri daha effektli dəstəkləməyə çağırıb. “Region ölkələri siyasi və iqtisadi cəhətdən enerji asılılığında olmaması, o cümlədən Türkmənistan və Özbəkistanın maraqları təmin edilməlidir”. Türkiyə prezidenti Abdulla Gül Nabucco və Transadriatik qaz kəməri layihələrinin reallaşdırılacağından əminlik ifadə edib. O bildirib ki, Ankara Azərbaycan və Türkmənistanın qaz ixracı üzrə səylərini dəstəkləyir və Özbəkistanın da buna qoşulacağına ümid edir. Cənab Gül İraq qazının və gələcəkdə isə İran qazının da Türkiyədən nəqli məqsədilə səylərin davam etdiriləcəyini də vurğulayıb. Ukrayna prezidenti Viktor Yuşenko bildirib ki, əgər Krakovda keçirilən birinci sammitdə layihələrin yalnız ilkin müzakirəsi olubsa, indi texniki qiymətləndirmələr və effektli dialoq aparılır. Eyni zamanda o deyib ki, siyasi iradə olmadan Odessa-Brodı-Qdansk və Nabucco layihələrini həyata keçirmək mümkün olmayacaq. “Bu gün daha çox siyasi iradə ifadə olunmalıdır, biznes məsələlərin həlli isə ikinci mərhələnin işidir. Bu ilin dekabrında işçi qrup Odessa-Brodı-Qdansk və Avrasiya enerji-nəqliyyat dəhlizinin yaradılması layihələrinin Texniki İqtisadi Əsaslandırılmasını açıqlayacaq”.
ABŞ energetika naziri Samuel Bodmenin fikrincə, enerji təhlükəsizliyi məsələsi artıq iqtisadi təhlükəsizlik məsələsi ilə yanaşı. milli təhlükəsizlik məsələsinə çevrilib. “Bakı Sammiti 1994-cü ildə Xəzərin neft ehtiyatlarının hasilatı üzrə bağlanmış “Əsrin müqaviləsi”nin davamıdır. Yeni ABŞ administrasiyası üçün də enerji məsələləri prioritet olacaq. Vaşinqton Azərbaycan, Türkiyə, Gürcüstan, Türkmənistan və Qazaxıstanla birlikdə bu sahədə fəal əməkdaşlıq edəcək. Bu ölkələrin enerji resursları Nabucco layihəsinin reallaşdırılması üçün əsas olacaq. Gürcüstandakı müharibə isə enerji resurslarının daşınmasının müxtəlifləşdirilməsinin nə dərəcədə vacib olduğunu göstərdi”- deyə cənab Bodmen qeyd edib. Sammit öz işini bəyannamə qəbulu ilə başa vurub. Azərbaycan prezidenti İlham Əliyev bəyannamənin xüsusi əhəmiyyətini vurğulayıb. “Sənədi Avropa Birliyinə daxil olan 9 dövlət və Avropa Komissiyası da imzalayıb” –deyə o qeyd edib. Xatırladaq ki, ilk enerji sammiti 2006-cı ilin mayında Polşanın Krakov şəhərində, ikinci sammit 2007-ci ilin noyabrında Litvanın paytaxtı Vilnüsdə, III sammit isə bu ilin mayında Kiyevdə keçirilib.