Ekspert İranda işgəncələri doğuran səbəblərdən danışır  

Azərbaycan Milli Elmlər Akademiyasının fəlsəfə üzrə elmi işçisi, Xəzər Universitetinin fəlsəfə müəllimi Ağalar Məmmədov dini hökumətlərdə işgəncələri təbii sayır. “Dindarlar insanın mənşəyini dində görür və bundan kənara çıxanlar insan deyil. Onun yaşamaq haqqı yoxdur. Dini hökumətlərdə işgəncə fərqliliyə, müxtəlifliyə verilməyən icazədən doğur. Kim dini dövləti, İran İslam quruluşunu inkar edirsə, ona işgəncə verilməlidir. Çünki qəddarlığın özü psixoloji həzdir. İşgəncəyə məruz qalanın qışqırtısı digərlərinə həzz verir. Onlar düşünür ki, mən işgəncə verilənin yerində deyiləm”.
Filosof İranda insanların zorlanmaya məruz qalmasının əsas səbəblərindən biri kimi seksual azadlığın olmamasını göstərir. “Bu ölkədə kişi qadın əlaqələrinin anormal vəziyyətdə olması seksual aclıq yaradır. Əslində, normal seksual vəziyyət cəmiyyətdə məmnuniyyət, razılıq, daxili xoşbəxtlik duyğusu bəxş edir. Əgər fizioloji seksualıq, uşaq yaratmaq üçün seksuallıqdan deyil, psixoloji seksuallıqdan söhbət gedirsə, İranda bu yox dərəcəsindədir. Psixoloji seksuallıq Avropa insanlarına rahatlıq və xoşbəxtlik gətirib”, - deyə filosof “Amerikanın səsi” radiosuna müsahibəsində qeyd edib.