Azərbaycanın sabiq səhiyyə nazirinə prokuror 12 il həbs istəyib

Bu gün keçmiş səhiyyə naziri Əli İnsanov və Səhiyyə Nazirliyinin keçmiş 10 işçisinin işi üzrə məhkəmə prosesində dövlət ittihamçısı Kamran Əliyev çıxış edib. O məhkəmədən Əli İnsanova, şəxsi əmlakını müsadirə edilməklə və ümumi rejimli koloniyada saxlanmaqla, 12 il həbs istəyib. Cənab İnsanovun daşınmaz əmlakının (evindən götürülən pullar da daxil olmaqla) ümumi dəyərinin 8 milyon dollardan çox olduğu bildirilib. Buraya İnsanovun ailəsi yaşayan mənzil, şəxsən ailə üzvlərinə məxsus qiymətli əşyalar və şəxsi mükafatları daxil edilməyib. Eyni zamanda, prokuror məhkəmədən Səhiyyə Nazirliyinin aşağıdakı rəhbər işçilərini: Fəxrəddin Abbasovu ümumi rejimli koloniyada saxlanmaqla 8 il azadlıqdan məhrumetmə cəzasına; Anar Namazovu - 8 il; Pərviz Kazımovu 8 il; Fuad Mahmudovu 8 il (şərti); Akif Məhərrəmovu 10 il; Vəkil Abbasovu 6 il (şərti); Eldar Rzayevi 8 il; Şövqi Cəfərovu 8 il (şərti), Hacı Əliyevi 8 il (şərti); Aleksandr Umnyaşkini 4 il azadlıqdan məhrumetmə cəzasına məhkum etməyi xahiş edib. Əli İnsanov 2005-ci ilin oktyabrında parlament seçkiləri qabağı həbs edilib. İlk öncə o dövlət çevrilişinə cəhdə hazırlıqda ittiham edilib. Bir il sonra isə bu ittiham ayrı icraata ayrılaraq, sabiq nazir vəzifə səlahiyyətlərindən süi istifadə, korrupsiya və rüşvətdə günahlı bilinib. O məhkəmədə günahsız olduğunu və siyasi sifarişlə həbs edildiyini bəyan edib. Cənab İnsanov həmçinin iqtidarda olan «Yeni Azərbaycan» partiyasının və hökumətin ünvanına ciddi tənqidlər söyləyib.