"Mən bu gündən Azərbaycan iqtidarına müxalifətəm. Azərbaycan iqtidarı uzun müddətdir müxalifət istəyirdi. Əgər Azərbaycanda vitrin demokratiyası deyilsə, qoysunlar mən işimi görüm. Mənim siyasi platformam Azərbaycan xalqının arzularını dəstəkləməkdir". Bu bəyanatı Azərbaycanın keçmiş səhiyyə naziri Əli İnsanov bu gün məhkəmədəki sərbəst ifadəsində verib. O, həbsinə kəskin çıxışlarının səbəb olduğunu və həbsindən 7 ay əvvəl YAP-dan istefa ərizəsini yazdığını bildirib. Cənab İnsanov iqtidarın və YAP-ın ünvanına kəskin ittihamlar səsləndirib. "Həbsimdən əvvəl YAP-ın İdarə Heyətində çox kəskin çıxışlar etmişəm. İdarə Heyətində dediyim iki cümləni xatırladıram. Həbsimə səbəb budur. Demişəm ki, əzizlərim bizim xalqa sırıdığımız siyasət qızıla bükülmüş lax yumurtadır. Az qalıram sabah YAP-ın qurultayında durub xahişimlə bu partiyaya gəlmiş on minlərlə insanın qarşısında üzr istəyim. Bu sözlərim YAP-ı əqrəb kimi sancdı. İndi görün məni niyə həbs ediblər. Bax, YAP-ın mahiyyəti, daxili aləmi budur" - deyə o qeyd edib. Cənab İnsanov YAP üçün etdiklərindən də danışıb. "Mənim YAP-a etdiklərimi bilənlər olub. Amma onlar ya rəhmətə gedib, ya da ölkədən didərgin salınıb. Bu YAP-ın "gözəlliyi"dir. Necə oldu Ziya Bünyadov, Rəsul Quliyev, Lalə Şövkət, Rəfael Allahverdiyev. YAP-a kömək edənlərin taleyi belə qurtarır". Sabiq nazir ona qarşı irəli sürülən ittihamları rədd edib. Özəlləşdirmə zamanı qanunsuzluğa yol vermədiyini və ən çox vergi ödəyən alim olduğunu bildirib Cənab İnsanov qohumlarına qarşı ittihamları da rədd edib və iqidarda olan şəxsləri günahlandırıb. "Mənim qohumlarım vətəndaş hüquqlarından istifadə edərək özəlləşdirilmiş 30 səhiyyə obyektində yalnız bir neçə otağı özəlləşdirib. "Qohumlarım kasıb qaçqınlardır. Bu sizsiz prokurorluqda hər şeyi ələ keçiribsiz. Bu millətin hər şeyi alınır və satılır, məni isə özəlləşdirmədə ittiham edirlər. Mənim nə gəmilərim, nə zavodlarım, nə fabriklərim, nə də qoyun sürülərim var. Mən 15 il Heydər Əliyevdən dərs almışam, siz isə bir dəfə də olsun onun əlini sıxmamısınız. Çox güman ki, sizi pis təlimatlandırıblar və İnsanovu qıcıqlandırmağın acı nəticələr verəcəyini deməyiblər, əks təqdirdə o hamını ifşa edəcək. Mən kimin nəyə, nə qədər, və harada malik olduğunu yaxşı bilirəm" - deyə o qeyd edib. Keçmiş nazirin siyasi müxalifətə keçməsi iqtidarda olan YAP tərəfindən birmənalı qarşılanmayıb. YAP-ın icra katibinin müavini Mübarizə Qurbanlı hesab edir ki, keçmiş partiyadaşının tənqidləri onun məhkəmə taktikasıdır və diqqəti ittihamlardan yayındırmağa xidmət edir. O YAP-ın prezident seçkilərində qalib gələcəyini və cənab İnsanovun müxalifətə keçməsinin bu partiya üçün əhəmiyyət kəsb etmədiyini vurğulayıb. Müstəqil ekspertlər isə fərqli düşünür. Onların fikrincə, Əli İnsanov liderlik xüsusiyyətlərinə və kifayət qədər fəal elektorata malikdir. «Turan» İnformasiya Agentilyinin siyasi təhlilçisi Zəfər Quliyevin fikrincə, azadlığa buraxılarsa 2008-ci ildə keçiriləcək prezident seçkilərinədək Əli İnsanov ciddi siyasi tərəf kimi çıxışı edə bilər. Siyasi təhlilçi hesab edir ki, sabiq nazirin bəyanatı iqtidar üçün ciddi problemlər yaradacaq və bundan sonra digər tanınmış nazir Fərhad Əliyevin məhkəməsi gözlənilir. Cənab Quliyev həmçinin müxalifət düşərgəsində də mənzərənin dəyişəcəyini güman edir.