Azərbaycanda seçki prosesi zamanı polisin fəaliyyəti

Azərbaycanda İnsan Hüquqlarına dair Beynəlxalq Standartların Tətbiqi üzrə Birgə İşçi Qrupu prezident seçkiləri ərəfəsində polis işçiləri üçün "Seçki prosesi və polis" mövzusunda treninq keçirib.
Tədbirdə polis rəsmiləri, beynəlxalq işçi qrupunun xarici üzvləri və qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edib.

DİN Baş İctimai Təhlükəsizlik İdarəsinin təmsilçisi Elşad Məmmədov bildirib ki, belə treninqləri Daxili İşlər Nazirliyi tərəfindən müsbət qarşılanır.

Beynəlxalq İşçi Qrupunun üzvü Kamil Seyidovun fikrincə, Gürcüstandakı hadisələr bir daha insan haqlarının qorunduğu və demokratik dəyərlərin tətbiq edildiyi ölkələrin beynəlxalq səviyyədə yaxşı müdafiə edildiyini bir daha təsdiq edib. "Bunun üçün seçkilər dövründə insan haqlarının qorunması baxımından polisin fəaliyyəti mühümdür".

O, eyni zamanda, son dövrlər Azərbaycanda dini radikalizmin artdığını və artıq bəzi məscidlərdə siyasi çağırışlar edildiyini deyib. Ekspert hökuməti belə toplantılarla bağlı təcili tədbirlər görməyə çağırır.

Ekspert Əliməmməd Nuriyev hesab edir ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna edilmiş yeni düzəlişlər toplaşmaq azadlığını daha da liberallaşdırıb. Onun fikrincə, Azərbaycanda bir çox qanunlar Avropa standartlarına cavab versə də, onun tətbiqində ciddi nöqsanlara yol verilir. Belə ki, qanunda sərbəst toplaşmaq üçün icazə deyil, xəbərdarlıq normativi müəyyən edilib. Avropa İnsan Haqları Məhkəməsi isə bir qayda olaraq, sərbəst toplaşmaq hüququnu istirahət hüququndan üstün sayır.

Ekspert Adil Minbaşıyevin fikrincə, kütləvi tədbirlər zamanı qanun pozulduqda, hətta kütləvi iğtişaşlar yarandığı halda belə tətbiq edilən güc adekvat olmalıdır.

Müxalifətdə olan siyasi partiyalar son illər bir qayda olaraq kütləvi aksiyalar keçirməklə bağlı müraciətlər edir. Buna baxmayaraq müxtəlif səbəblər göstərilməklə Bakı şəhər icra hakimiyyəti onlara etiraz aksiyaları keçirməyə icazə vermir. Partiyalar icazə olmadan aksiyalar keçirməyə cəhd etdikdə isə qarşısı alınır. AXCP sədri Əli Kərimli hesab edir ki, son bir neçə ildə ümumiyyətlə müxalifətə kütləvi aksiya keçirməyə icazə verilməyib. Onun fikrincə, qanuna edilmiş yeni dəyişikliklər də vəziyyəti dəyişmir.

Cənab Kərimli hesab edir ki, kütləvi aksiyalar zamanı polisin hərəkətləri adekvat deyil. Onun sözlərinə görə, son aylarda müxalifətin hətta Rusiyanın Gürcüstanı işğalı ilə bağlı keçirməyə cəhd etdiyi aksiyalar belə zorla dağıdılıb. Bununla yanaşı, o bu il keçiriləcək prezident seçkiləri zamanı güc tətbiq ediləcəyinə inanmır. Çünki əsas müxalifət seçkiləri boykot edir.

AXCP sədri eyni zamanda, son dövrlər dini mərasimlər zamanı siyasi bəyanatları pisləyir. Onun fikrincə, dini azadlıqların siyasi vasitələrə keçməsinə qəti yol vermək olmaz.