Almaniyanın Azərbaycandakı səfiri Per Kristofer Stançina bildirib ki, Rusiya-Gürcüstan müharibəsi böyük münaqişədir. “Bu, əslində Cənubi Qafqaz regionuna qarşı hərbi fəaliyyətdir. Bəziləri Cənubi Qafqazdakı münaqişələri dondurulmuş münaqişə adlandırır. Ancaq burada dondurulmuş münaqişə yoxdur. Çünki hər gün atəş var, adamlar öldürülür. Bəlkə də Ermənistan-Azərbaycan münaqişəsi də Rusiya-Azərbaycan münaqişəsidir. Cənubi Qafqazdakı münaqişələrin göstərici effekti var. Biz avqustda nə görürdük, indi nə görürük. Hesab edirəm ki, dövlətlər səylərini münaqişələrin həlli üçün birləşdirməli, regional əməkdaşlıq inkişaf etdirilməlidir. Bu səbəbdən də, regional əməkdaşlıq konsepsiyası işlənib hazırlanmalıdır”.
Cənab Stançinanın fikrincə, münaqişələrin hərbi həll yolu yoxdur. O, auditoriyaya maraqlı suallarla müraciət edib. “Cənubi Qafqazda təhlükəsizliyə Rusiya, yoxsa qərb cavabdehdir? Rusiya sərhədləri dəyişmək yolu ilə münaqişəni həll etdi, yoxsa qızışdırdı? Bundan sonra Qafqaz Rusiyanın nəzarətində qaldı? Əksinə, böhran daha da dərinləşdi. Rusiya özünü qeyri-səmimi aparırsa, qərb də öz təhlükəsizliyini təmin edəcək. Son raket sazişləri buna bir misaldır”.
Səfir hesab edir ki, Rusiya Abxaziya və Cənubi Osetiyanın müstəqilliyini tanımaqla da beynəlxalq hüququ pozub. “Doğrudur beynəlxalq hüquqda xalqların müqəddəratını təmin etmə hüququ var. Ancaq Abxaziya və Cənubi Osetiyada müstəqillik üçüncü dövlətin hərbi müdaxiləsi ilə həyata keçirilib. Bu isə beynəlxalq hüquqda qəbuledilməzdir”.
O eyni zamanda Gürcüstandakı humanitar problemləri, yüz minlərlə insanın evsiz qaldığını önə çəkib. “Qarşıdan qış gəlir. Bu insanlar üçün ev tikilməlidir”.
Politoloq Leyla Əliyeva hesab edir ki, Rusiya-Gürcüstan müharibəsi Rusiyanın beynəlxalq partnyorlarla əlaqələrinin qeyri-səmimiliyinin sübutudur. “Müharibə həm də regionun qərbə inteqrasiyasına, investisiyaların cəlbinə və region dövlətlərinin Rusiya ilə əməkdaşlığının perspektivlərinə ciddi zərbədir. Rusiyanın daxilində də iqtisadi və siyasi problemlər yaradacaq”.
Regional Təhlükəsizlik üzrə Cənubi Qafqaz İnstitutunun təmsilçisi, politoloq Aleksandr Rusetski hesab edir ki, beynəlxalq aləm Qafqazdakı münaqişələrə milli-etnik münaqişə kimi baxırdı və bu səbəbdən də münaqişələrin həllinə real təşəbbüslər göstərmirdi. “Bu münaqişələr dondurulmuş münaqişələr də deyil. Münaqişələrdə təkcə iki tərəf də iştirak etmir. Rusiya-Gürcüstan müharibəsi sübut etdi ki, bu münaqişələrdə dövlətlər, xalqlarla yanaşı, qeyri-rəsmi hərbi birləşmələr, terror təşkilatları da iştirakçıdır. Çünki Rusiya-Gürcüstan müharibəsindən öncə PKK terror təşkilatı Türkiyə ərazisində Bakı-Tbilisi-Ceyhan boru kəmərində partlayış törətdi”.
Rusiyalı politoloq Maksim Şevçenko bildirib ki, müharibəyə qərbin yanaşması düzgün deyil. Çünki Gürcüstan ilk olaraq Rusiya sülməramlılarına silahlı hücum edib. Onları qətlə yetirib və Rusiya adekvat cavab verib. Politoloq hesab edir ki, Qafqazdakı problemlərə qarışmaqla böyük güclər öz oyununu oynamağa başlayıb. “Bu oyunların qurbanları isə xalqlardır, o cümlədən, ruslar. Çünki şimali Qafqaz Rusiyanın yurisdiksiyasındadır, Cənubi Qafqaz isə daim Rusiya ilə əlaqədə olan bölgədir. Qafqazda aparılan siyasət isə qeyri-stabillik, müharibə, insanların, o cümlədən, rusların qətli siyasətidir”.
Cənab Şevçenko həmçinin qərb və ABŞ-ın son illər apardığı siyasəti tənqid edib. Onun sözlərinə görə, bu siyasət nəticəsində Balkanlarda, Əfqanıstanda və İraqda yüz minlərlə insan qətlə yetirilib. “Rusiyanın isə heç bir dövlətə qarşı ərazi iddiası yoxdur, o cümlədən də, Cənubi Qafqazda və Orta Asiyada. Ancaq Rusiya sərhədlərində, onu hədələyən bazaların yaradılması ilə razılaşmayacaq. Bizim sərhədlər heç zaman başqasının hərbi bazasına çevrilə bilməz. Rusiya regionda Türkiyənin rolunu daha yüksək qiymətləndirir, nəinki klassik qərbin. Çünki Türkiyə regionun ən yaxşı oyunçusudur”.
Onun fikrincə, Azərbaycan Rusiya-Gürcüstan münaqişənin
həllində vasitəçi ola bilər.“Çünki MDB məkanında Azərbaycan ən sülhsevər ölkədier.
Burada heç zaman başqa xalqların, o
cümlədən rusların köçürülməsinə səbəb olan hərəkətlərə baş vurulmayıb”.
Politoloq Rasim Musabəyov Rusiyanın Abxaziya və Cənubi
Osetiyanın müstəqilliyini tanımasının problemin həlli olmadığını düşünür. O,
Türkiyənin 30 il öncə Şimali Kiprin müstəqilliyini tanıdığını, ancaq problemin
hələ də həllini tapmadığını, Rusiyanın 30 il Almaniya Demokratik Respublikasını
tanımasına baxmayaraq Almaniyanın birləşməsini nümunə göstərib. Polotoloq
Azərbaycanın Gürcüstanı dəstəklədiyini bildirib. “Azərbaycan Gürcüstanın ərazi
bütövlüyünü dəstəkləyir, müharibə qurbanlarına humanitar yardım göstərir.
Azərbaycanın mövqeyi başa düşülən olmalıdır. Azərbaycan 18 ildir Ermənistanla
müharibə vəziyyətindədir, ancaq Gürcüstan bir dəfə belə Azərbaycanın ərazi
bütövlüyünü dəstəkləməsi və işğalı tanıması ilə bağlı yüksək səviyyədə bəyanat
verməyib. Eyni zamanda, Gürcüstan ərazisi vasitəsilə Ermənistana hərbi yüklərin
daşınmasına icazə verib”.
Politoloq Ermənistan-Azərbaycan münaqişəsinin
nizamlanmasında ATƏT-in Minsk Qrupunun iflic vəziyyətə düşdüyünü də qeyd edib.
“Artıq həmsədrlər regiona tək-tək gəlir. Rusiyalı həmsədrdən isə hələ xəbər
yoxdur”.
Politoloq Zərdüşt Əlizadə Rusiyanın Sovet dönəminə
qayıtdığını və münaqişələrin baş vermə səbəblərini qeyri-demokratik
hakimiyyətlərdə axtarmağın vacibliyini önə cəkib. “Artıq Rusiya silahlanma
dövrünə qayıdır. Amma Rusiyanın kimə qarşı silahlandığı bəlli deyil. Prezident
Medvedyev silahların müasirləşdirilməsi barədə göstəriş verib. Bu isə Rusiyanın
sosial-iqtisadi inkişafına qarşıdır”.
Beynəlxalq Böhran Qrupunun təmsilçisi Lourens Şits
regionda sülhyaratma qüvvələri olmasına baxmayaraq, əhalinin köçdüyünü, sülh
danışıqları üçün səylər göstərilməsinə baxmayaraq, nəticələrin olmadığını
bildirib. “Sülhməramlı qüvvələrinin postlarının olduğu kəndlərin əhalisinin
80-90 faizi evlərindən köçkün düşüb. Əgər sülrməramlıların işinə indiyədək 30
milyon avro ayrılıbsa və sonda regionda vəziyyət belədirsə, hansı işlər
göürlüb?”, - deyə o sual edib.
Gürcüstanlı politoloq Mataz Qulaşvili bildirib ki,
prezident Saakaşvilinin ilk anda münaqişənin hərbi yolla çözülməsi arzusunun
qarşısnı keçmiş müdafiə naziri alırdı. “Bu münaqişə o istefa verdikdən sonra
reallaşdı. Rusiya Gürcüstanı müharibəyə çəkməklə, Saakaşvilini tələyə salmaq
istəyirdi, Amerika isə Rusiyanı. Nəticələr də görünür”.
Politoloq Cənubi Qafqazdakı münaqişələrin dünyada sülh
üçün ciddi təhlükə olduğunu deyib. Onun fikrincə, bölgədə hələ silahlı
qarşıdurma mərhələsinə keçməmiş digər münaqişələr də var. “Hamı
Rusiya-Gürcüstan müharibəsindən danışır. Ancaq Ermənistan-Gürcüstan
münaqişəsinin gözlənildiyindən danışanlar azdır. Belə ki, Gürcüstanda daha bir
separatçılğa meylli bölgə - Cavaxetiya var. Ermənistan burada müharibəyə
başlasa, çox çətin vəziyyətə düşəcək”.
O, eyni zamanda, Gürcüstanın əvvəl-axır ərazi
bütövlüyünü bərpa edəcəyini bəyan edib. “Gürcüstanda hamı Saakaşvili və onun
ətrafı kimi düşünmür. Gürcüstanın millətçi qüvvələri var ki, hansı yolla
olursa-olsun, ərazi bütövlüyünü bərpa edəcəklərini bəyan edir”, - deyə o qeyd
edib.