Milli Məclisin bu günki plenar iclasında
deputatlar Rusiyanın Ermənistana silah və hərbi texnika verməsinə münasibət
bildirilməsi ilə bağlı məsələ qaldırıb. Parlament bir qrup deputatın Rusiyanın
Ermənistana 800 milyon dollar dəyərində silah verməsi ilə bağlı məsələni
araşdırmaq üçün Moskvaya səfər etməsinə qərar verib .
Milli Məclisin sədri Oqtay Əsədov bildirib ki, parlament də bu işdən kənarda
qalmayacaq. “Milli Məclis Azərbaycan-Rusiya parlamentlərarası əlaqələr üzrə
işçi qrupunda olan deputatların Moskvaya səfərini məqsədəuyğun hesab edir.
Deputatlarımız rusiyalı həmkarları ilə məsələni Moskvada müzakirə etdikdən
sonra Milli Məclis məsələyə öz münasibətini bildirəcək”.
Yeri gəlmişkən bildirək ki, ötən həftənin sonundaAzərbaycan Müdafiə naziri Səfər Əbiyev də Moskvaya səfər edib. Rusiya müdafiə naziri ilə görüşdə Rusiyanın Ermənistana silah və hərbi texnika verməsi məsələsi diqqət mərkəzində olub.
Rusiyanın Ermənistana silah verməsi ilə bağlı Azərbaycan xarici işlər nazirliyi də Rusiya tərəfinə nota ünvanlayıb. Öz növbəsində, Rusiya xarici işlər nazirliyi məlumatı təkzib edib.
Bunlara baxmayaraq, problem ictimai və siyasi diqqətdə qalmaqdadır.